Beşiktaş azarkeşləri ilə gürcü polisi arasında nə baş verdi?
Gürcüstanın Batumi şəhərindən futbol oyunundan görüntülər yayılıb. UEFA Avropa Liqası oyunu zamanı polislə azarkeşlər toqquşub.
Noyabrın 26-da "Beşiktaş" İsrailin "Hapoel Beer-Şeva" komandası ilə qarşılaşarkən stadionun ətrafında, daha sonra isə içəridə gərginlik yaranıb.
Gürcüstan Daxili İşlər Nazirliyi deyir ki, bəzi "Beşiktaş" azarkeşləri stadiona gedərkən polisin tələblərinə əməl etməyib və müqavimət göstəriblər.
Qarşıdurma stadionda da davam edib, bəzi azarkeşlər oturacaqları sökərək polisə atıblar - nazirlik belə deyir.
Polis xüsusi vasitələrdən istifadə etdiyini bildirir. Türk azarkeşlər isə stadionda bibər qazından istifadə olunduğunu deyirlər.
Gürcüstan rəsmilərinə görə, üç polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb.
Amma hadisənin necə başladığı ilə bağlı tərəflər fərqli danışırlar.
Türkiyəli azarkeşlər Anadolu Agentliyinə deyiblər ki, polisin müdaxiləsi Fələstin bayraqları və dəstək şüarlarından sonra sərtləşib. Onların sözlərinə görə, bayraqlar da əllərindən alınıb.
Gürcüstan Daxili İşlər Nazirliyi isə bunu rədd edir.
Nazirlik deyir ki, qarşıdurma Fələstinə dəstək bayraqları və digər atributlar nümayiş etdirilməzdən əvvəl başlayıb.



