Cabbar Bağçabanın ölümündən 60 il keçir
Mirzə Cabbar Əsgərzadə təqribən 40 yaşında İranın ilk uşaq bağçasını Təbrizdə açdı. Ardınca həmin bağçanın yanında ilk eşitmə əngəllilər məktəbini qurdu. Beləcə adı oldu Cabbar Bağçaban. Qacar dövlətinin sonlarında, 102 il öncə!
Mirzə Cabbar Yerəvanda dünyaya gəlmişdi, kökləri Urmiya və Təbrizə dayanan bir ailədə.
Gənc yaşlarından müəllim kimi çalışdı. Qafqazın müxtəlif qəzetləri ilə əməkdaşlığa başladı. "Molla Nəsrəddin" jurnalına şeir və məqalələr yazdı, "Lək-lək" adlı dərginin isə naşirlərindən biri oldu.
Birinci Dünya Müharibəsindən sonra ailəsi ilə birlikdə Mərəndə köçdü. Mərənd və Təbrizdə müəllimliyə davam etdi.
Burada ilk uşaq bağçası və eşitmə əngəllilər məktəbinin əsasını qoydu. Adını bölgənin maarifçilik tarixinə yenilikçi olaraq yazdırdı.
Şeir və ədəbiyyatdan da qopmadı. "Heydərbabaya salam" kitabı yayımlandığında, Bağçaban Heydərbabanın dilindən Şəhriyara cavab yazdı:
Əleyküm əssalam, Şəhriyar ağa
Çoxdandı qaçmışdın bizdən uzağa
Ayaq basmazdın bizim qonağa...
O, bu misralarla ilk dəfə türkcə yazan Şəhriyarı alqışlayırdı:
Salam eylər bütün elimiz sənə
Bağçamız bağımız gülümüz sənə
Uzun müddət susan dilimiz sənə
Bağçaban 60 il öncə, bu günlərdə həyata vida etdi. Son günlərinə qədər yenilikçi ruhunu qorudu, yazmağa, yaratmağa və uşaqlar üçün çalışmağa davam etdi.



