Putin müharibənin "sona doğru getdiyini" dedi. Bu, belədirmi?

Moskvada Qırmızı Meydanda keçirilən parad, Rusiyanın Ukraynaya müdaxiləsi başlayandan bəri ilk dəfə hərbi texnikasız ötüşdü.

Şəklin mənbəyi, Igor IVANKO / AFP via Getty Images

Şəklin alt yazısı, Moskvada Qırmızı Meydanda keçirilən parad, Rusiyanın Ukraynaya müdaxiləsi başlayandan bəri ilk dəfə hərbi texnikasız ötüşdü.
    • Müəllif, Olqa İvşina
    • Vəzifə, BBC
  • Çap edildi
  • Oxuma vaxtı: 6 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Həftəsonunun əsas mövzularından birini - Qırmızı Meydanda keçirilən Qələbə paradını Vladimir Putinin müharibənin mümkün sonu ilə bağlı bəyanatı kölgədə qoydu.

"Hesab edirəm ki, iş sona doğru gedir", - o dedi.

Buna nə dərəcədə inanmaq olar?

Putinin bəyanatı - bu mövzuda mətbuatla nadir hallarda baş tutan bu qədər ətraflı ictimai ünsiyyəti - Moskvada son illərin ən qeyri-adi 9 May Qələbə paradından sonra səsləndi.

Qırmızı Meydanda vərdiş edilmiş tank kolonları, raket qurğuları və qitələrarası ballistik raketlər yox idi. Hakimiyyət ixtisar edilmiş formatı təhlükəsizlik mülahizələri ilə - ilk növbədə Ukrayna pilotsuz uçuş aparatlarının təhlükəsi ilə izah etdi.

Qırmızı Meydanda olan BBC müxbiri Stiv Rozenberq qeyd edib ki, paradda jurnalistlərin, qonaqların və xarici liderlərin sayı həmişəkindən xeyli az olub.

Britaniyanın Economist jurnalı bu paradı Rusiyanın artan həssaslığının simptomu kimi təsvir edib: son iyirmi ildə ilk dəfə idi ki, hərbi texnika Qırmızı Meydandan keçmədi, çünki texnikanın bir yerə toplanması Ukrayna dronları üçün əlverişli hədəfə çevrilə bilərdi.

Times qəzeti qeyd edib ki, ixtisar olunmuş format, avtoritar liderlər üçün xüsusilə vacib olan sabitlik və nəzarət imicinə zərbə vurdu.

Moskva

Şəklin mənbəyi, Alexander NEMENOV / AFP via Getty Images

Şəklin alt yazısı, Rusiyanın bir çox regionunda bayram günləri təkcə gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə deyil, həm də mobil rabitə və internetin qismən kəsilməsi ilə müşayiət olundu.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Lakin Putinin mətbuat konfransından sonra xəbər gündəmi əsaslı şəkildə dəyişdi. Media üçün əsas mövzu artıq Kremlın niyə vərdiş edilmiş hərbi güc nümayişini keçirə bilmədiyi deyil, müharibənin tezliklə bitməsinin mümkünlüyü oldu.

Putinin münaqişənin "başa çatması" haqqında sözləri, Kremlə yaxın jurnalist sayılan Pavel Zarubinin: "Qərb özünə həddindən artıq çox şey rəva görmür ki?" sualına cavab verərkən səsləndi; Zarubin bu sualla Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələri nəzərdə tuturdu.

Prezident özü üçün vərdiş halına gəlmiş mülahizələrə dalaraq, Rusiya ilə "ukraynalıların əli ilə" "Qərb elitalarının qlobalist cinahının" döyüşdüyünü bildirdi, Ukraynanın Aİ-na can atmasını və NATO-nun şərqə doğru genişlənməsini xatırlatdı. 2022-ci ildə başlayan tammiqyaslı müharibəni təsvir edərkən Putin Ukraynanı onun üçün ədalətsiz olduğu səbəbilə İstanbul razılaşmalarını imzalamaqdan daşındıran Böyük Britaniyanın o zamankı Baş naziri Boris Consonu yada saldı.

"Bəs ədalətli olub-olmadığını kim müəyyən edir? Əgər Ukrayna tərəfindən danışıqlar qrupunun sədri bu sənədləri paraflayırsa, burada ədalətsiz nə var? - Putin dedi. - Budur, hər şey əla, kömək vəd etdilər və Rusiya ilə bu günə qədər davam edən qarşıdurmanı alovlandırmağa başladılar. Hesab edirəm ki, iş sona doğru gedir, lakin hər halda bu, ciddi məsələdir".

2008-ci ildə məhz Vladimir Putin hərbi texnikanın yenidən Qırmızı Meydandakı paradlarda iştirak etməsində israr etmişdi. 2026-cı ilə qədər bu yeni ənənəyə qətiyyətlə əməl olunurdu.

Şəklin mənbəyi, Igor IVANKO / AFP via Getty Images

Şəklin alt yazısı, 2008-ci ildə məhz Vladimir Putin hərbi texnikanın yenidən Qırmızı Meydandakı paradlarda iştirak etməsində israr etmişdi. 2026-cı ilə qədər bu yeni ənənəyə qətiyyətlə əməl olunurdu.

"Kommersant" qəzetinin müxbiri Andrey Kolesnikovun Vladimir Zelenski ilə danışıqlar ehtimalı barədə sualını cavablandırarkən, Putin onunla Moskvada danışmağa hazır olduğunu yenidən təkrar etdi və ilk dəfə olaraq bildirdi ki, "üçüncü ölkədə də" görüşməyə hazırdır - "lakin yalnız sülh müqaviləsi üzrə yekun razılaşmalar əldə olunduğu təqdirdə". Andrey Kolesnikov mətbuat konfransı haqqında yazdığı reportajda qeyd edib ki, Putin "həddindən artıq sülhsevər görünürdü".

Ukrayna Prezidenti isə daha sonra bildirdi ki, Rusiya Prezidentini görüşlərə məhz Ukrayna "itələyib".

"Bu müharibəni bitirmək, təhlükəsizliyə etibarlı şəkildə zəmanət vermək lazımdır", - deyə Zelenski bəyan etdi.

Müharibənin sonu məsələsi ölü nöqtədən tərpənibmi?

BBC müxbiri Elizaveta Foxtun şərhi:

Belə nəticələr çıxarmaq hələ tezdir.

Birincisi, Vladimir Putin "işin sona doğru getdiyini" deməklə yanaşı, rəqibi "darmadağın etmək" zərurətini xatırlatmağı da unutmayıb. İkincisi, Ukrayna Prezidentini "cənab Zelenski" adlandırsa və onunla şəxsi görüşə icazə versə də, bir şərt qoyub: bu təmas yalnız yekun sülh müqaviləsinin imzalanması üçün mümkündür.

Vladimir Zelenski Putinin "real görüşlərə" hazır olması barədə danışarkən məhz belə danışıqları nəzərdə tuturmu?

Putinin köməkçisi, Rusiya tərəfindən danışıqlar prosesinin kuratorlarından biri olan Yuri Uşakovun son bəyanatlarına da diqqət yetirməyə dəyər.

Onun amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşnerin yenidən Moskvaya gələcəyi barədə sitatı mediada geniş yayılıb. Lakin Uşakovun sözlərinə görə, bu, "gec-tez, zənnimcə, kifayət qədər yaxın zamanda" baş verəcək - belə bir ifadə hələlik rəsmi səfər elanı kimi görünmür.

Onu da unutmaq olmaz ki, cəmi bir neçə gün əvvəl ABŞ Dövlət katibi Marko Rubio - Donald Trampa son dərəcədə yaxın olan şəxs - birbaşa olaraq üçtərəfli danışıqların "dalan dirəndiyini" bildirdi.

O vurğuladı ki, Vaşinqton müsbət rol oynamağa hazır olsa da, irəliləməyən bir prosesə vaxt və enerji sərf etmək istəmir.

Martın sonunda BBC fevral ayından bəri Rusiya, ABŞ və Ukrayna arasındakı danışıqların niyə bərpa olunmadığı barədə ətraflı məlumat vermişdi.

Bu, təkcə Ağ Evin diqqətinin hazırda Yaxın Şərqə yönəlməsi ilə bağlı deyil. Prosesə yaxın olan BBC mənbələri birbaşa bildirirdilər: proses tükənib, çünki tərəflər əsas və ən ağrılı məsələlərdə kompromisə yaxınlaşa bilmirlər.

Bunların ən başlıcası Donbas ərazilərinin taleyidir. Uitkoff və Kuşnerin səfəri barədə sözlərin səsləndiyi həmin müsahibədə Uşakov birmənalı şəkildə anladıb ki, Moskva hələ də Kiyevin Donetsk və Luqansk vilayətlərinin ərazilərini tamamilə boşaltmasını gözləyir.

Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, qoşunların öz torpaqlarından birtərəfli qaydada çıxarılmasını nəzərdən keçirməyəcək və Kiyevin mövqeyinin köklü şəkildə dəyişməsi ehtimalı azdır.

Bu o demək deyil ki, yaxın gələcəkdə bizi yeni danışıqlar raundu gözləmir, sadəcə olaraq, bu danışıqların fərqli nəticə ilə yekunlaşacağına dair əlamətlər hələlik çox deyil.

Ukraynada müharibə

Şəklin mənbəyi, Oleksandr Magula / AFP via Getty Images

Şəklin alt yazısı, Həm Rusiya, həm də Ukrayna ABŞ-ın vasitəçiliyi ilə 9-11 may tarixləri üçün razılaşdırılmış atəşkəsə baxmayaraq, bir-birini atəşləri və hücumları davam etdirməkdə ittiham edir.

Rusiya müharibəni davam etdirə bilərmi?

Economist jurnalı yazır ki, üç il ərzində ilk dəfə olaraq, müharibədə təşəbbüsün, görünür, Ukraynaya keçib.

Nəşr Ukraynanın Rusiya enerji infrastrukturuna kütləvi hücumlarına, habelə cəbhədə uğurların olmamasına istinad edir.

Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, 2024-cü ilin avqustunda Ukraynanın Kursk vilayətinə müdaxiləsindən bəri ilk dəfə Rusiya aprel ayında zəbt etdiyindən daha çox ərazi itirib. *Economist* son 30 gün ərzində itirilən ərazini 113 kvadrat kilometr həcmində qiymətləndirir.

Bununla belə, qərbli analitiklər etiraf edirlər ki, Rusiyanın həssaslığı onun tezliklə müharibəni davam etdirə bilməyəcəyi anlamına gəlmir.

Böyük Britaniyanın Kral Müdafiə Araşdırmaları İnstitutu (RUSI) qeyd edir ki, Moskvanın strategiyası hələ də Ukraynanın müqavimət qabiliyyətini tükəndirməkdən ibarətdir. İnstitutun qiymətləndirməsinə görə, Rusiya iqtisadiyyatı hələ də müharibəni dəstəkləyə bilər, baxmayaraq ki, ehtiyatların tükənməsi və borcların artması fonunda Moskva xarici sarsıntılara və sanksiya təzyiqlərinə qarşı daha həssas olur.

Amerikanın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) hesabatlarından birində qeyd edir ki, Rusiya hərbi əməliyyatları ən azı daha iki-üç il davam etdirmək iqtidarındadır. Mərkəz Kremlın sanksiyalara uyğunlaşma qabiliyyətinə, müdafiə sənayesini dəstəkləyən uğurlu dövlət siyasətinə və Çin, İran və Şimali Koreya tərəfindən göstərilən yardımlara diqqət çəkir.

Bundan əlavə, tədqiqatçılar yazırlar ki, Rusiya avtoritar ölkə olaraq qalır; burada ictimai yorğunluq və iqtisadi problemlər, cəmiyyətin hakimiyyətə effektiv siyasi təzyiq mexanizmlərinin olmaması səbəbindən sistem üçün o qədər də həssas deyil. Kreml ictimai müzakirələri uğurla idarə edir, müstəqil medianı sıxışdırır və müxalifləri cəzalandırır ki, bu da müharibənin davam etdirilməsinə qarşı açıq etiraz riskini azaldır.

Ötən həftə "Dosye" araşdırma mərkəzi, prezident administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkoya yaxın bir qrup şəxsə nümayiş etdirildiyi iddia olunan qapalı təqdimat barədə məlumat yayıb. Nəşrdən belə çıxır ki, administrasiyada (PA) belə bir ssenari nəzərdən keçirilir: Rusiya Donetsk və Luqansk vilayətlərini alır, Xerson və Zaporojye vilayətləri cəbhə xətti boyunca bölünür, Avropa sanksiyaları saxlanılır, Amerika sanksiyaları isə ləğv edilir və Zelenski Ukrayna Prezidenti olaraq qalır.

"Dosye"nin məlumatına görə, administrasiyada bu ssenarinin rusiyalılara müharibədə necə qələbə kimi təqdim edilə biləcəyi müzakirə olunur.

Müharibə çoxdan Rusiya hakimiyyəti üçün təkcə xarici siyasət layihəsi deyil, həm də daxili nəzarət mexanizminə çevrilib, deyə Karneqi Mərkəzinin analitiklərini qeyd edirlər.

O, məhdudiyyətlərə, repressiyalara və dövlətin gələcək hərbiləşdirilməsinə bəraət qazandırmağa imkan verir.

Nəticə etibarilə, tədqiqatçılar hesab edirlər ki, Kremlin iki paralel planı ola bilər.

Birinci - əgər qələbə kimi uğurla təqdim edilə biləcək bir razılaşma ortaya çıxarsa, cəmiyyəti müharibənin mümkün dayandırılmasına hazırlamaq.

İkinci - əgər Moskva zamanın hələ də onun xeyrinə işlədiyinə qərar verərsə, müharibəni davam etdirmək.