İranlı "qadın müğənni və dörd musiqiçi şallaqlanıb”

Videonun alt yazısı, İranlı "qadın müğənni və dörd musiqiçi şallaqlanıb”
İranlı "qadın müğənni və dörd musiqiçi şallaqlanıb”
Çap edildi

İranda hicabsız konsert verdiyinə görə mühakimə olunan müğənni Pərəstu Əhmədi və onu müşayiət edən dörd musiqiçinin şallaq cəzası icra edilib. Bu barədə onların vəkilləri məlumat veriblər.

Vəkillərin sözlərinə görə, Pərəstu Əhmədi və daha dörd nəfər haqqında çıxarılmış hər biri üçün 74 şallaq zərbəsi cəzası Qum şəhərində icra olunub.

Müttəhimlərin vəkillərindən biri BBC-yə deyib ki, hökm Qum şəhərindəki Cinayət Hökmünün İcrası İdarəsinin 3-cü şöbəsində yerinə yetirilib.

Cəzanın icrasından sonra Pərəstu Əhmədi və digər dörd nəfərin səhhəti ilə bağlı məlumat açıqlanmayıb.

Musiqiçilər konsertə görə "ictimai əxlaqı pozan məzmun hazırlamaq və yaymaq" ittihamı ilə təqsirli biliniblər.

Vəkillər isə bu ittihamı rədd edib və hökmə etiraz ediblər.

29 yaşlı Pərəstu Əhmədi İranın Mazandaran vilayətinin Novşəhr şəhərində anadan olub. O, 13 yaşından vokal təhsili alıb və fars, eləcə də mazandaran dillərində mahnılar ifa edir.

Müğənni 2022-ci ildə başlayan "Qadın, həyat, azadlıq" etirazlarından sonra ifaları ilə daha geniş tanınıb.

2024-cü ilin dekabrında o, Qum yaxınlığındakı tarixi Deyr-Gəçin karvansarasında konsert verib.

Konsert zamanı Pərəstu Əhmədi səhnəyə hicabsız çıxıb.

İranda qadınlar üçün hicab taxmaq məcburidir və qadınların kişi tamaşaçılar qarşısında solo çıxışı 1979-cu il İslam İnqilabından sonra tətbiq edilən məhdudiyyətlərdən biridir.

Bu səbəbdən konsert bir çox müşahidəçilər tərəfindən İranda qadın müğənnilərin fəaliyyətinə qoyulan məhdudiyyətlərə etiraz kimi qiymətləndirilib.

Konsertin video yayımı YouTube-da milyonlarla dəfə izlənilib.

Həmin konsertdən sonra Pərəstu Əhmədi və onu müşayiət edən musiqiçilər saxlanılsalar da, sonradan azadlığa buraxılmışdılar.

2026-cı ilin iyununda Qum məhkəməsi onları təqsirli bilib və hər birinə 74 şallaq cəzası verib.

Məhkəmə, həmçinin, müttəhimlərə iki il müddətinə sənət fəaliyyəti ilə məşğul olmaq və ölkədən çıxmaq qadağası tətbiq edib.

İran qanunvericiliyində nəzərdə tutulan şallaq cəzası beynəlxalq insan hüquqları təşkilatları tərəfindən qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilir.

BMT-nin İstanbul Protokolunda qeyd olunur ki, şallaq zərbələri dərinin və yumşaq toxumaların zədələnməsinə, qanaxmaya, qalıcı çapıqlara və uzunmüddətli ağrılara səbəb ola bilər.

Hökmün icrası İran daxilində və ölkə xaricində bəzi musiqiçilərin etirazına səbəb olub.

Fransanın Lion şəhərində fəaliyyət göstərən musiqiçi Kiya Təbəssian qrup üzvləri adından hökmü pisləyib.

O bildirib ki, bir gün İran qadınlarının sərbəst şəkildə mahnı oxuya biləcəyinə ümid edir.

İran Musiqi Evi də yaydığı bəyanatda sənətçilərə bəraət verilməsinə çağırıb.