Rusiyada rəqs məktəbi yeniyetmələrin “arılar” videosuna görə bağlanıb

YouTube-dan görüntü

Şəklin mənbəyi, youtube

Şəklin alt yazısı, YouTube-dan görüntü

Rusiyanın Orenburq şəhər rəhbərliyi, yeniyetmə qızların internetdə yayılan “arılar” çıxışının qalmaqala səbəb olmasından sonra rəqs məktəbini bağlayıblar.

Vinni Pux və Arılar adlandırılan video klipdə, bir qrup yeniyetmə qız, səhnədə zolaqlı streç geyimlərdə, uzun corab və qısa yubkalarda rəqs edirlər.

Onlar səhnədə arılara xas omba hərəkətləri edirlər.

YouTube video klipi internetdə sürətlə yayılıb və qalmaqala səbəb olub.

Bəzi şərhçilər onu “pornoqrafik” adlandırıb və bəziləri isə nümayişi səhnələşdirənlərin qovulmasını və hətta həbs edilməsini istəyiblər.

Digərləri isə qızların geyimlərinin narıncı və qara olmasına görə narahat olub. Bu rənglər Rusiyada vətənpərvərliyin rəmzinə çevrilmiş Georgievski lentlərinin rəngidir.

Zolaqlı lent əsasən İkinci Dünya Müharibəsindəki qələbə ilə əlaqələndirilir, lakin hazırda Ukraynanın şərqindəki rusiyapərəst döyüşçülər tərəfindən istifadə edilir.

“Əxlaqsız hərəkət”

Hazırda rəqs studiyasının qapadılması ilə bağlı qərar nəzərdən keçirilir. Ural şəhərinin meriya ofisində keçirilmiş təcili görüşdən sonra araşdırmaya başlanılıb, Rossiyskaya Qazeta xəbər verir.

Məktəbin rəhbəri, rəqs edən qızların valideynləri və “qalmaqallı” rəqsin səhnələşdirildiyi dövlət tərəfindən idarə olunan Mədəniyyət Evinin direktoru çağırılıb.

Məktəbdən bildiriblər ki, arı dərsləri artıq bağlanıb və əvəzində qızlar, klassik xoreoqrafiya və hip-hop öyrənəcəklər.

Lakin meriya araşdırma sona çatanadək bütün dərslərin dayandırılması qərarına gəlib. Məktəbin internet saytı da bağlanıb.

Rusiyanın güclü İstintaq Komitəsinin yerli Orenburq şöbəsi rəqs edən qızları “azyaşlı” kimi izah edib və onların “açıq kostyumlar” geyindiyini bildirib. Onların bildirdiyinə görə, iştirakçıların dəqiq yaşını yoxlayacaqlar və rəqs məktəbini idarə edən şəxsləri təhqiq edəcəklər.

Daha öncə Rusiyanın İnterfaks xəbər agentliyi bildirmişdi ki, komitə çıxışın səhlənkarlıqdan, yoxsa hətta “əxlaqsızlıqdan” irəli gəldiyini araşdırır. Bu halda ictimai işlərdən tutmuş üç illik həbsə qədər müxtəlif cəza gözləyə bilər.

Moskovski Komsomolets qəzeti rəqs məktəbinin rəhbərinə istinadən yazıb ki, valideynləri uşaqlarının nə etdiyini bilib və hətta yazılı şəkildə buna icazə də veriblər.