Türkiyə və İsrail arasında hərbi qarşıdurma riski varmı?

Şəklin mənbəyi, BBC/Getty Images
- Müəllif, Hilken Doğaç Boran
- Vəzifə, BBC News Türkcə
- Oxuma vaxtı: 5 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Türkiyə-İsrail münasibətləri son üç ildə diplomatik normallaşmanın astanasından hərbi qarşıdurma riskinin danışıldığı bir nöqtəyə gəlib.
Liderlərin siyasi atışmaları davam edərkən, iki ölkənin hərbi olaraq üz-üzə gəlmə ehtimalı da gündəmdədir.
İsrail Baş naziri Benyamin Netanyahu 11 apreldə etdiyi bir sosial media paylaşımında Prezident Recep Tayyip Erdoğanı İrandakı "terror rejiminə" kömək etməkdə və "öz kürd vətəndaşlarını qətlə yetirməkdə" ittiham etdi.
Erdoğan isə aprelin 15-də TBMM-də çıxışı zamanı bildirib: "Əllərinə və üzlərinə yapışmış 73 min qəzzalının qanını görməzlikdən gələrək, utanmadan kürd qardaşlarımız üzərindən ölkəmizə iftira atırlar".
Son prosesləri BBC Türkçə-yə dəyərləndirən ekspertlər Türkiyə və İsrailin üz-üzə gəlmə riskinin "heç vaxt olmadığı qədər yüksək" olduğunu, lakin tərəflərin mümkün münaqişələrin qarşısını almaq üçün səy göstərdiyini bildirirlər.
"Soyuq sülh əvəzinə soyuq rəqabət görürük"
Türkiyə və İsrail arasındakı siyasi atışmalar Həmasın 7 oktyabr 2023-cü ildə İsrailə qarşı hücumları və sonrasında İsrailin Qəzzada başlatdığı hərbi əməliyyatdan sonra kəskinləşdi.
Son üç ildə verilən sərt bəyanatlar və ittihamlarla yanaşı, diplomatik normallaşma təxirə salındı və Türkiyə İsrail ilə ticarəti kəsdiyini açıqladı.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
İzmir Katib Çələbi Universitetinin Beynəlxalq Əlaqələr fakültəsinin dosenti Tuğçe Ersoy iki ölkə arasındakı prosesi "daxili siyasətin xarici siyasəti girov götürməsi" kimi xarakterizə edir.
"Bu qarşılıqlı sərtləşmə, qarşıdurma və ritorika hər iki tərəf üçün əslində daxili siyasətdə yanacaq funksiyasını yerinə yetirir", - deyən Ersoy sözlərinə belə davam edir:
"Netanyahu əslində sərt və münaqişəli bir profil cızaraq [daxili siyasi mövqeyini] bir növ konsolidə etməyə çalışır. Türkiyə cəbhəsində də əslində bu, regional liderlik iddiası ilə bağlıdır".
"İsraildə toqquşan kimliklər: fələstinlilər və yəhudilər" kitabının da müəllifi olan Ersoy Türkiyə və İsrailin bir-birini "regional status-kvonu qeyri-sabitləşdirən aktorlar" kimi gördüyünü deyir və iki ölkə arasındakı mövcud vəziyyəti belə dəyərləndirir:
"Biz Türkiyə-İsrail münasibətlərini həmişə "soyuq sülh" adlandırardıq. İndi isə "soyuq rəqabət" görürük".
İsrailli keçmiş diplomat Alon Pinkas isə Baş nazir Benyamin Netanyahunun Türkiyəni rəqib göstərən sözlərinin "təhlükəli" olduğunu deyir.
2000-2004-cü illər arasında İsrailin Nyu-Yorkdakı baş konsulu olmuş, Şlomo Ben-Ami və David Levi kimi keçmiş İsrail xarici işlər nazirlərinin xüsusi katibliyini etmiş Pinkas deyir:
"Bu ritorika çox təhlükəlidir, xüsusilə də cənab Erdoğanın təxribatçı sözlərlə cavab verərək vəziyyəti daha da pisləşdirməsi səbəbindən".
"Netanyahu və Erdoğanın ritorikası münaqişə riskini artırır"
Londondakı City St. George's Universitetinin Beynəlxalq Əlaqələr professoru Amnon Aran da siyasi atışmaların daxili siyasətə yönəldiyini müdafiə edir:
"Türkiyə və Prezident Erdoğan baxımından bu ritorika AKP-nin ideoloji dəstək bazasına yönəlib. Baş nazir Netanyahu da bənzər şəkildə ifrat sağçı tərəfdarlarını bəsləyən və dəstəkləyən bir ritorikadan istifadə edir".
"Soyuq müharibənin bitməsindən bəri İsrail xarici siyasəti" kitabının müəllifi olan Aran qarşılıqlı münasibətlərin 2010-2016-cı illər arasındakı Mavi Mərmərə böhranından bəri ən pis nöqtədə olduğunu iddia edir və əlavə edir:
"Məncə, həm Baş nazir Netanyahu, həm də Prezident Erdoğan ritorikaları ilə kifayət qədər məsuliyyətsiz davranırlar. Bu cür ritorikalar yalnız iki ölkə arasındakı münaqişə ehtimalını artırır və qızışdırır".
Suriya, Kipr və Şərqi Aralıq dənizi
BBC Türkçə-yə danışan ekspertlər Türkiyə və İsrail arasında mümkün bir münaqişənin iki ölkənin özləri üçün müəyyən etdikləri nüfuz dairələrinin kəsişdiyi nöqtələrdə baş verə biləcəyini deyirlər.
"Türkiyə ilə İsrailin üz-üzə gəlmə riski heç vaxt olmadığı qədər yüksəkdir", -Tuğçe Ersoy deyir.
Ersoy genişmiqyaslı müharibə ehtimalının az olduğuna, lakin rəqabətin getdikcə kəskinləşdiyinə diqqət çəkir və xüsusilə Suriya, Kipr və Şərqi Aralıq dənizinə işarə edir:
"Burada qarşılıqlı ox yaratmaq səyi görürük. Deyə bilərik ki, iki ölkə bir-birinə qarşı geosiyasi qalxan yaratmağa çalışır".
Ersoy həmçinin: "İsrailin strategiya sənədlərində Türkiyə artıq düşmən kateqoriyasına keçdi, bu da bir həqiqətdir"? - deyir.
Amnon Aran da: "Hərbi münaqişə ehtimalının keçmişlə müqayisədə artdığını düşünürəm, lakin eyni zamanda hələ də bundan qaçmaq mümkündür", - deyir.
Aran Suriya xüsusunda Türk və İsrail hərbi nümayəndə heyətləri arasında 2025-ci ildə Azərbaycanda keçirilən münaqişəsizlik mexanizmi görüşlərinə diqqət çəkir:
"Anladığım qədər, ən azından hərbi səviyyədə münaqişəyə səbəb ola biləcək hər cür qəza və ya yanlış hesablamadan qaçmaq cəhdləri var".
Aran İsrailin Türkiyəyə yanaşması barədə bunları deyir:
"Türkiyə İsrail hökuməti və İsrail ordusundakı siyasi və hərbi elitaların böyük hissəsi tərəfindən getdikcə düşmənləşən və təhlükəli bir güc kimi görülür".

Şəklin mənbəyi, Global Sumud Flotilla/Anadolu Ajansı/Getty Images
Keçmiş diplomat Alon Pinkas isə bu nümunəni verir:
"Türk donanmasının Qəzza və ya Livana gedən humanitar gəmiləri müşayiət etdiyini düşünün. İsrail donanmasından gəmilər bu donanmaya müdaxilə etməyə çalışsa, Türk gəmiləri atəş açsa və İsrail gəmiləri qarşılıq versə, kiçik miqyaslı bir müharibə çıxa bilər. Amma bunun olacağını zənn etmirəm".
Alon Pinkas Türkiyə və İsrail ordularının siyasətçilərlə müqayisədə daha "sağlam düşüncəli" olduğunu müdafiə edir.
Pinkas bununla bərabər Suriyada iki ölkə qırıcılarının üz-üzə gələ biləcəyi bənzər bir hadisənin müharibəyə yol açacaq bir "kabus ssenarisi" olacağını vurğulayır və əlavə edir:
"Bunun haqqında məlumatım yoxdur, amma İsrailin [kəşfiyyat təşkilatı] Mossad ilə Türkiyə xarici və hərbi kəşfiyyatının mütəmadi təmasda olduğunu öyrənsəm, təəccüblənmərəm".
"Yeni İran" ritorikası
İsrailin keçmiş Baş naziri Naftali Bennett fevralın 17-də verdiyi bir bəyanatda Türkiyənin "yeni İran" olduğunu irəli sürdü.
Bunun ardınca həm İsrail mətbuatında, həm də beynəlxalq mətbuatda bənzər bəyanatların yer aldığı rəy yazıları yayımlandı.
İsrail Baş naziri Benyamin Netanyahu da bir paylaşımında Türkiyəni İranı dəstəkləməkdə ittiham etdi.
Xarici İşlər naziri Hakan Fidan aprelin 13-də Anadolu Agentliyinə verdiyi bir müsahibədə bu mövzu ilə bağlı aşağıdakı ifadələri işlətdi:
"İrandan sonra İsrail düşmənsiz yaşaya bilməz, bir ritorika inkişaf etdirmək məcburiyyətindədir. Təkcə Netanyahu rəhbərliyi deyil, müxalif olan bəzi insanların da Türkiyəni siyasi dil baxımından yeni düşmən elan etməyə çalışırlar".
Keçmiş diplomat Alon Pinkas xatırladır ki, İranın əksinə, Türkiyə İsraili "xəritədən silməyə and içməyib" və İsrailə qarşı istifadə etmək üçün hərbi nüvə silahı inkişaf etdirmək kimi hədəfləri yoxdur:
"Erdoğanın İsrail haqqında dediyi hər şeyə qarşı çıxanlar belə, Türkiyənin düşmən ölkə olmadığını bilir. Türkiyəni təhlükə qavrayışı baxımından İran ilə eyni tutan hər kəs düşüncəsiz və təhlükəli şəkildə davranır".
Amnon Aran da Türkiyənin "yeni İran" olmadığını deyir:
"Belə düşünmürəm. İsrailli hökumət rəsmilərinin də buna inandığını və ya bunu nəzərdə tutduğunu zənn etmirəm. Çünki Türkiyə NATO üzvüdür. Türkiyənin ABŞ ilə güclü əlaqələri var və ticarətinin böyük hissəsini Avropa İttifaqı ilə aparır".
Aran İsrailli bəzi rəsmi və mütəfəkkirlərin bu ritorikasının ardında Prezident Erdoğan və Ankaranın İsrailə qarşı mənimsədiyi sərt mövqeyin olduğunu deyir.
Bu fikrinə səbəb kimi Prezident Erdoğanın Netanyahunu Hitlerə bənzətməsini və İsrailə qarşı keçmiş tənqidlərini göstərir.
Tuğçe Ersoy da "Türkiyənin yeni İran olmadığı ortadadır" deyir və əlavə edir:
"Buradakı bənzətmə Türkiyəni bəlkə Qərb sistemindən qoparmaq və yalnızlaşdırmaq məqsədi daşıyır. Düşünürəm ki, İsrail tərəfdarı olan fikir yazıları, xüsusən də Qərb [mətbuatında] yer alanlar sifarişlidir və qəsdən yazılır. Biz onları müəyyən bir niyyət yaratmaq cəhdləri, niyyət bəyannamələri kimi görə bilərik".
"Qısa müddətdə bahar havası gözləmirik"
Bəs münaqişə riskinin gündəmin birinci maddəsi olduğu bu şərtlərdə iki ölkənin etimad münasibətlərini yenidən bərpa etmə ehtimalı varmı?
Alon Pinkas "Netanyahu baş nazirliyi tərk etdikdə işlər düzələcək" deyəcəm, amma sizin də sitat gətirdiyiniz kimi, cənab [Naftali] Bennett Türkiyə haqqında Netanyahudan da betər şeylər söylədi" deyir.
İsraildə ən geci oktyabrın 27-də ümumi seçkilər keçiriləcək. Baş nazir Netanyahunun koalisiyası qarşısına Naftali Bennett və tərəfdaşı keçmiş Baş nazir Yair Lapidin qurduğu ittifaqın çıxması gözlənilir.
Amnon Aran Türkiyə-İsrail münasibətlərində dəyişikliyin mövcud hökumətlər deyil, varisləri tərəfindən təmin ediləcəyini müdafiə edir.
Tuğçe Ersoy isə "Qısa müddətdə hər hansı bir bahar havası gözləməmək lazımdır" deyir.
Ersoy iki ölkənin tarixən "ideal münasibətlərə malik olmadığını" vurğulayaraq, mövcud vəziyyəti "sistematik bir fasilə" kimi təsvir edir və əlavə edir:
"Türkiyə-İsrail münasibətlərinin yenidənqurma prosesinə girməsi üçün yeni bir etimad arxitekturası lazımdır. Başqa sözlə, qarşılıqlı etimad qurulmalıdır".



























