Bakıda yeni etiraz forması: "Susuram"

Azərbaycanda gənc fəalların hakimiyyətə yeni etiraz forması polisin müqaviməti ilə qarşılanıb.
Bazar ertəsi N!DA Vətəndaş Hərəkatı üzvü Tural Şəkərli Bakının mərkəzində kitab oxuyaraq səssiz etiraz bildirmək istəyib. Onun qarşısında həm də, öncədən hazırladığı plakat olub.
“Dostlarımız tutulur, heç kim aktivlik etmir, susur, bunu etdim ki, uşaqlar cəsarətlənsin”, Şəkərli aksiyasının məqsədini açıqlayır.
Şəkərli bu aksiyasını ötən gün N!DA-çı Kənan Qasımlı və Azad Gənclik Hərəkatından Ülvi Həsənli və Məcid Mərcanlıya 15 sutka həbs cəzasıverilməsindən sonra keçirib.
Fəal deyir ki, plakatın üzərində Konstitusiyadan susmaq haqqı ilə bəndi xatırlatsa da, polis ona qarşı "zorakılıq" edib.
"Səssiz" aksiyanın sonu
“Oturmuşdum, iki polis gəldi. Biri boğazımdan yapışaraq yuxarı qaldırıb qolunun altına salıb apardı”, Şəkərli boğazının əzildiyini deyir.
Polisin gənci belə aparması ətrafa yığışan gənclərin narazılığına səbəb olub və nəticədə onlar da polis idarəsinə çağrılıb.
Onlardan biri Türkel Əlisoy BBC Azərbaycancaya deyir ki, polis Turala “aqressiv" davranıb.
“Polisə dedim ki, vətəndaşa niyə belə yaxınlaşırsınız, dedilər ki, sən də AXCP üzvüsən, gedək şöbəyə”, Əlisoy qeyd edir.
Əlisoy kimi etiraz bildirən digər gənc, jurnalist Məhəmməd Qurbanovu da polis saxlayıb.
Qurbanovun jurnalist olduğunu sübut edən sənədi təqdim etməsi də vəziyyəti dəyişməyib.
“Press-kart təqdim etdim, dedilər ki, press-jilet də geyinməli idim. Bildirdim ki, mən küçədən təsadüfən keçirdim, üstümdə kamera olsa da çəkiliş aparmamışam”, Kanal 13-ün jurnalisti Qurbanov deyir.
Səbayel rayonu 9-cu Polis Şöbəsinə aparılan gənclər deyir ki, onlar “piket təşkil edərək şüar səsləndirmək və polisə müqavimət göstərmək"də ittiham edilib.
Bu sözləri təsdiqləməyən gənclərdən Qurbanov iyirmi dəqiqə, digərləri isə bir saat ərzində şöbədə saxlanılıb, izahat yazdıqdan sonra sərbəst buraxılıb.
“Mənim mübarizəm”
Şəkərlinin oxuduğu kitab isə Hitlerin “Mənim mübarizəm” kitabı olub.
Hüquq-mühafizə orqanlarının nümayəndəsi onu bu kitabı oxuduğuna görə, “faşist” adlandırıb və onun da "bu yolla getdiyi” iddia edilib.
Fəalsa özünün “milliyətçi” olmadığını bildirir.
19 yaşlı Şəkərlinin etirazı mərkəzdə, Nizami küçəsində baş verib.
Qurbanov özünü N!DA-nın "passiv" üzvü hesab edir, Əlisoy isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvüdür.
2013-cü ildə yeddi N!DA-çı "qanunsuz silah saxlamaq" və narkotik ittihamı ilə saxlanılıb.























