N!DA-çı və AGT-çi gənclərə 15 sutka cəza verilib

İctimai qaydanı pozmaq və polisə tabe olmamaqda ittiham olunan fəallara 15 sutka inzibati həbs cəzası verilib.
Bu barədə BBC Azərbaycancaya bildirən hüquq müdafiəçisi İntiqam Əliyev deyib ki, proses keçən Səbayel Rayon Məhkəməsinə vəkil göndərilsə də, prosesin tezləşdirilməsi səbəbilə vəkil Rüstəm Zülfüqarov iclasda iştirak edə bilməyib.
Bazar günü N!DA Vətəndaş Hərəkatından Emil Bağırov və Kənan Qasımlı və Azad Gənclik Hərəkatından Ülvi Həsənli və Məcid Mərcanlı metro polis şöbəsində dindirilib, onlardan biri Bağırov sərbəst buraxılıb. Qalanlarının yeri naməlum qalıb.
Daxili İşlər Nazirliyinin bazar ertəsi yaydığı məlumatında gənclərin saxlanma yeri barədə məlumatlar öz əksini tapmayıb.
Fəalların İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun ittiham edildiyini bildirən qurumun mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə BBC Azərbaycancaya deyib ki, "bizim deyə biləcəyimiz bu qədərdir".
Bu il N!DA Vətəndaş Hərəkatından yeddi nəfər "qanunsuz silah saxlamaq" və narkotik ittihamı ilə saxlanılıb.
Amnesty İnternational və digər təşkilatlar onları "vicdan məhbusu" adlandırıb və hakimiyyəti onları azad etməyə çağırıb.
Hadisə
NİDA Vətəndaş Hərəkatının üzvü Emil Bağırov deyir ki, bazar günü saat 2-də Sahil metrosundan çıxaraq AGT İdarə heyətinin üzvü Ülvi Həsənli ilə görüşüb.
Ayrıldıqda isə, iki mülki geyimli ona yaxınlaşıb və polisə getməli olduğunu deyib.
"Vəsiqələrimi tələb etdim, göstərdim, sonra gördüm ki, Ülvini də gətirirlər", Bağırov hadisəni təsvir edir.
Bakı Şəhər Baş Polis İdarəsinin Metro Polis Şöbəsinə gətirilən gənclər sorğu-sual edilib.
Vərəqələr
Bağırov deyir ki, ondan ötən həftə yayılmış hakimiyyət əleyhinə çağırışlar olduğu deyilən vərəqələr haqqında suallar verilib.
"Stikerləri göstərib soruşdular ki, bunu sizmi vurmusunuz? Mən də əlaqəm olmadığını dedim".
Daha sonra daha iki foto göstəriblər, fotolarda Həsənli, Qasımlı və Mərcanlının metroda çəkilən görüntüləri olub.
Ötən həftə yerli media yazıb ki, əsasən Xırdalan ərazisi və metroda yayılan belə vərəqələrdə “Hakimiyyətin mənbəyi sənsən”, Hakimiyyətdən qorxma”, “Hakimiyyətə etiraz et” və “Hakimiyyəti dəyiş” cümlələri yazılıb.
Daxili İşlər Nazirliyi gənclərin saxlanılması ilə vərəqələrin yayılması barədə əlaqəni təsdiq etməyib.
Onun sözlərinə görə, daha sonra Qasımlı və Mərcanlı telefonla şöbəyə çağrılıb, onlarla da söhbət aparılıb.
Ayrıca dindirilən Bağırov isə daha sonra sərbəst buraxılıb.
"Kobud davranmırdılar. Mənə dedilər ki, səndən bel çantana görə şübhələnmişdik, gedə bilərsən".
"Xəbər yoxdur"
Digər gənclərin harada olması barədə isə bazar axşamından bəri "xəbər yoxdur", onların sosial şəbəkələrdəki dostları yazıb.
N!DA Vətəndaş Hərəkatı da gənclərin sərbəst buraxılması barədə bəyanatında onların saxlanılma yerindən xəbərsiz olduğunu bildirib.
“N!DA fəallarının girov götürülməsi prosesi bu ilin martından gedir ki, bu da Azərbaycan hakimiyyətinin fəal gənclərə qarşı repressiyasıdır. Son saxlama həmin repressiyaların növbəti dalğasıdır”, deyə açıqlamada deyilir.
Fəallardan Ülvi Həsənli saxlanılmazdan öncə, Facebook statusunda Qarayev metrosuna düşərkən qarşılaşdığı hadisə ilə bağlı fikirlərini bölüşüb.
"Polislər olan yerdən keçəndə birdən serjant ayağa durdu, "çest" verdi, 4-5 saniyə duruxdu, heç nə demədi. Yanında mülki geyimdə bir nəfər oturmushdu. Ona baxdı, o da telefonla oynayırdı. Başını qaldırıb ona dedi ki, "nə olub?". Serjantda mənə dedi ki, "heçnə-heçnə, get.- Başa düşmədim nə məsələdir, güldüm keçdim".
Bağırov deyir ki, gün böyu polis bölmələri və məhkəmələrə baş çəkilsə də, məlumat ala bilməyiblər.
"Hara getdiklərini və nə edəcəklərini demirdilər, elə bil oturub əmr gözləyirdilər", deyə Bağırov şöbənin qarşısındakı həyətdə gözləmə zamanlarından danışır.























