Avropa liderləri Yerevanda: Bu, Rusiyanın kölgəsində olan Ermənistan üçün nə deməkdir?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Rayhan Demytrie
- Vəzifə, BBC
- Məkan, Yerevan
- Oxuma vaxtı: 5 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Avropalı liderlər uzun müddətdir Cənubi Qafqazda Rusiyanın ən yaxın müttəfiqi kimi görülən Ermənistanda iki zirvə toplantısı üçün bu ölkəyə toplaşdılar.
Əhalisi üç milyondan az olan bu ölkə üçün bunun daşıdığı simvolik məna böyükdür.
Ermənistan Rusiya Prezidenti Vladimir Putinin rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının üzvüdür və Moskvanın Ermənistan ərazisində hərbi bazası var.
4 may, bazar ertəsi günü paytaxt Yerevanda 30-dan çox avropalı liderin və Kanadanın Baş naziri Mark Carney-in iştirakı ilə Avropa Siyasi Birliyi (ASB) zirvəsi keçirilib.
Çərşənbə axşamı isə Avropa Komissiyasının sədri Ursula von der Leyen və Avropa Şurasının sədri António Costa-nın iştirakı ilə ilk dəfə ikitərəfli Aİ–Ermənistan zirvəsi keçirildi.
Ermənistan enerji mənbələri baxımından böyük ölçüdə Rusiyadan asılıdır.
O, Rusiya qazını imtiyazlı qiymətlə alır. Prezident Putin Baş nazir Nikol Paşinyanın 1 aprel tarixində Moskvaya səfəri zamanı buna xüsusi diqqət çəkmişdi.
Putinin sözlərinə görə, Rusiya Ermənistana 1000 kubmetr qazı 177,50 ABŞ dollarına satır, halbuki Avropada bu həcm 600 ABŞ dollarına başa gəlir.
Rusiya Prezidenti Putin deyib: "Aradakı fərq böyükdür, çox önəmlidir".
Bəs Rusiyanın təsir dairəsinə bu qədər daxil olmuş bir ölkə necə oldu ki, Avropa liderlərini qəbul etməyə başladı?

Şəklin mənbəyi, Pavel Bednyakov/POOL/AFP
Dönüş nöqtəsi 2023-cü ildə Ermənistanın qonşusu Azərbaycanla yaşadığı müharibə oldu.
Azərbaycan Dağlıq Qarabağ üzərində tam nəzarəti təmin etmək üçün qəfil hərbi əməliyyat başladanda - bunun nəticəsində 100 mindən çox etnik erməni öz yurdlarını tərk etmək məcburiyyətində qaldı - bölgədə sülhməramlı qüvvə saxlayan Rusiya kənarda qaldı.
Bundan əvvəl də Azərbaycanın Ermənistan ərazilərinə yönəlmiş bəzi sərhəd pozuntularına Rusiya rəhbərliyindəki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) cavab verməmişdi.
Ermənistan Milli Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Khandanyan BBC-yə verdiyi açıqlamada deyib: "Daxilində olduğumuz təhlükəsizlik sisteminin işləmədiyini anladıq".

Şəklin mənbəyi, Reuters
Avropa İttifaqı (Aİ) bir il əvvəl sərhədlərin tanınmasına yönəlmiş razılaşmanın əldə olunmasına vasitəçilik etmiş və bunun çərçivəsində mülki müşahidə missiyası yerləşdirmişdi.
Khandanyan bildirib ki, "Avropa İttifaqının fiziki mövcudluğu vətəndaşlarımızın yanaşmasını dəyişdi" və əlavə edib:
"İctimaiyyətdə Aİ ilə daha yaxın münasibətlərin qurulmasına tələbat olduğunu gördük".
2025-ci ilin martında Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinin başlanması üçün qanun qəbul etdi.
Ermənistanla Azərbaycan arasında sülh prosesi də sürətlənib.
Avqust ayında iki ölkənin liderləri Vaşinqtonda, Ağ Evdə onilliklərdir davam edən qarşıdurmaya son qoymağı hədəfləyən saziş imzalayıblar.
Burada həmçinin Ermənistanın İranla sərhədi boyunca uzanacaq və regionu Avropa bazarları ilə birləşdirəcək "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlı dəhlizin yaradılacağını da elan ediblər.
Rusiyadan Ermənistana idxalat addımı
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Lakin iki qonşu arasında sülh prosesi kövrək olaraq qalır və Avropanın Ermənistanla yaxınlaşması diplomatik mənada baha başa gəlib.
Azərbaycan parlamenti ötən həftə Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə səsvermə keçirib.
Buna səbəb kimi Avropa Parlamenti üzvlərinin 2023-cü ildə Dağlıq Qarabağdan qaçan ermənilərin geri qayıtmaq hüququna dair çağırışları və Bakıda saxlanılan erməni məhbusların azad edilməsi ilə bağlı qəbul etdikləri qətnamə göstərilib.
Bu arada Moskva Ermənistanın Aİ ilə getdikcə istiləşən münasibətlərindən narazı olduğunu gizlətməyib.
Kremldə keçirilən görüş zamanı Paşinyan ölkəsindəki azadlıqlarla fəxr edərkən Putin istehzalı şəkildə gülümsəyib.
Paşinyan Putinə deyib: "Ermənistanda sosial media platformları yüz faiz azaddır, heç bir məhdudiyyət yoxdur".
Rusiyada isə əsas Qərb onlayn platformalarının hamısı bloklanıb.
Lakin Putin Paşinyana xatırladıb ki, Aİ-yə üzvlük hədəfləri Avrasiya İqtisadi İttifaqına üzvlüklə uzlaşmır.
O deyib: "Eyni vaxtda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi İttifaqı ilə gömrük ittifaqında olmaq mümkün deyil".
"Bu, mahiyyətinə görə mümkün deyil", – deyə Putin əlavə edib.
4 may sammitindən cəmi bir neçə gün əvvəl Rusiya Ermənistandan mineral su idxalını qadağan edib.
Ermənistanın informasiya mühitini izləyən CyberHUB-AM təşkilatından Artur Papyan bildirib: "Bu, hibrid təhdidin necə işlədiyini göstərən mühüm bir məqamdır".
Papyanın sözlərinə görə, yüksək vəzifəli rəsmilərin Aİ-yə meyilli açıqlamalarından və ya Brüsselə səfərlərindən sonra Ermənistandan çıxan yük avtomobilləri tez-tez Gürcüstan–Rusiya sərhədində saxlanılır, hakerlər isə rəsmi internet saytlarını çökdürməklə hədələyirlər.
Keçən ay Aİ növbəti iki il üçün Ermənistanla bağlı yeni mülki missiyanı təsdiqləyib. Bu missiya, xüsusilə iyun ayındakı parlament seçkiləri ərəfəsində Rusiya dezinformasiyası, kiberhücumlar və qanunsuz maliyyə axınları ilə mübarizə aparmağı hədəfləyir.
Bu missiya 2025-ci il seçkilərindən əvvəl Moldovada həyata keçirilən və Aİ-yə meyilli qüvvələrin hakimiyyətdə qalmasına kömək edən oxşar missiyanı nümunə götürür.

Şəklin mənbəyi, EPA
CyberHUB-AM-dən Artur Papyan deyib: "Bu halları araşdırmışam; xüsusən Moldova və Rumıniya ilə bağlı halları, eləcə də Ukraynadakıları. Taktikaların və üsulların eyni olduğunu görürəm".
Yanvar ayında onun komandası WhatsApp platformasına qarşı həyata keçirilmiş və təxminən bir neçə yüz min hesabın ələ keçirildiyi kütləvi hücumu sənədləşdirib.
Papyan bildirib ki, bu platformadan hökumət nazirləri və rəsmiləri geniş şəkildə istifadə edir.
Ayrı bir əməliyyatda isə hakerlər Ermənistandakı Aİ səfiri Vassilis Maragos-u təqlid edən saxta Signal hesabı yaradıblar və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərlərini Ermənistan–Aİ münasibətləri barədə guya keçiriləcək konfransa dəvət ediblər.
Konfransa qeydiyyat üçün göndərilən keçid real görünürdü. Hətta bu mövzularda təlim keçmiş vətəndaş cəmiyyəti əməkdaşları belə aldadılıb.
Hücumun izi araşdırıldıqda İP ünvanlarının Moskvanın şimal-qərbində yerləşən Zelenoqrad adlı Rusiya şəhərinə işarə etdiyi müəyyən edilib.
Papyan bildirib ki, Yerevanda keçiriləcək yüksək səviyyəli tədbirlər ərəfəsində, təkcə bir səhər Telegram paylaşımlarında eyni tezisləri önə çıxaran altı və ya yeddi yüksək trafikli hesab sayıb.
Bu tezislərə görə, bu tədbirlər Ermənistan üçün geri dönüşü olmayan bir mərhələdir və onlara ev sahibliyi etdiyi üçün Rusiya ölkəni cəzalandıracaq.
Bu tədbirlərdə iştirak edən Avropa Şurasının Baş katibi Alain Berset deyib: "Ermənistanın demokratik institutları işləyir və irəliləyiş əldə ediblər, amma onlar təzyiq altındadır".



























