Xədicə İsmayıl: "Daha çox insan görsün deyə mərkəzi küçələri süpürəcəyəm"

Məhkəmə qərarını yerinə yetirmədiyinə görə ictimai iş cəzası alan araşdırmaçı jurnalist Xədicə İsmayıla hakimiyyət "başqa iş" axtarır.
Cərimə ödəmədiyinə görə, bundan öncə ona Bakının rayonlarının birində "küçə süpürmək" təklif edilib.
"Bu ictimai cəza seçimini qəbul etdiyimi dedim, dedilər ki, gözləyin, sizə başqa iş axtarırıq", İsmayıl BBC Azərbaycancaya bildirib.
Jurnalist 220 saat ərzində ictimai işlər cəzasının tərkibində xüsusilə mərkəzi küçələri süpürmək təklifini qəbul edəcəyini bildirmişdi.
"Görünür, mənim ictimai cəzanı ictimai aksiyaya çevirəcəyimdən narahat olub, təşvişə düşüblər", jurnalist belə hesab edir.
Yeni qərar barədə ona Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcraçı İdarəsinin Binəqədi rayon şöbəsində məlumat verilib.
Bu ilin yanvarında razılaşdırılmamış mitinqdə iştirakına görə cərimələnən jurnalist “vətəndaş itaətsizliyi” aksiyası daxilində cərimə məbləğini ödəmək istəməyib.
220 saatlıq cəza
Hazırkı ictimai cəza isə ona cəriməni ödəməkdən boyun qaçırdığına görə təyin edilib, ancaq bununla belə, onun haqqında cərimənin ödənilməsi hökmü qüvvədə qalır.
“Elan etmişəm ki, cəriməni ödəməyəcəm və vətəndaş itaətsizliyinə davam edirəm”, İsmayıl BBC Azərbaycancaya deyib.
Jurnalist deyir ki, ona hər gün dörd saat olmaqla, ya arxa, ya da mərkəzi küçələri süpürmək təklif edilib və o, sonuncunun üzərində dayanıb, dalandar (arxa küçələri süpürən) olmaq istəməyib.
“Daha çox insan görsün, daha çox insana etiraz mesajını vermək üçün mərkəzi küçələri seçirəm”.
O, istənilən nəzarət altında "mesaj verməyə" nail olacağını vurğulayır.
Xanım İsmayıl deyir ki, işin məzmunundan məmnun olsa da, cəzanın zamanından narazıdır. O, 220 saatlıq cəzanı qeyri-adekvat adlandırır.
Cümə axşamı günorta bu qərarını məhkəmə qərarlarının icrası şöbəsinə bildirəcəyini deyən İsmayıl işə on gün ərzində başlamalıdır.
Hələliksə o, Binəqədi rayonunun hansı mənzil istirmar sahəsi daxilində çalışacağını və iş forması barədə detalları dəqiqləşdirməyib.
Azadlıq radiosunun Bakı bürosunun əməkdaşı Xədicə İsmayıl, yanvar ayında İsmayıllı rayonunda baş verən aksiyalardakı həbslərə etiraz olaraq Bakının mərkəzindəki mitinqə qatılıb və məhkəmə onun barəsində 400 manat cərimə cəzası çıxarıb.
























