Qəzza: İsrailin son hava zərbələri nəticəsində ölənlər var, sülh danışıqları dalana dirənib

Qəzzanın cənubunda, İsrailin zərbəsi nəticəsində həlak olmuş üç fələstinli üçün dəfn mərasimi keçirilib.
Şəklin alt yazısı, Qəzzanın cənubunda, İsrailin zərbəsi nəticəsində həlak olmuş üç fələstinli üçün dəfn mərasimi keçirilib.
    • Müəllif, Yoqita Limaye
    • Vəzifə, BBC
    • Məkan, Qüds (Yerusəlim)
  • Çap edildi
  • Oxuma vaxtı: 6 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Səhiyyə rəsmiləri və ilkin yardım göstərən şəxslərin bildirdiyinə görə, Qəzza zolağında İsrailin hava zərbələri nəticəsində, aralarında Həmas-ın yüksək rütbəli təhlükəsizlik rəsmisinin də olduğu azı yeddi fələstinli həlak olub.

Həmas-ın nəzarətində olan Qəzza daxili işlər nazirliyi bildirib ki, Nəim Əbu Nəhel Qəzza şəhərinin qərbində təyyarə vasitəsilə hədəf alınıb.

50 yaşlı Nəim Əbu Nəhel bu vəzifəyə sentyabr ayında, sələfi İsrail xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı əsir götürüldükdən sonra təyin olunmuşdu.

İsrail bunu təsdiqləyib.

Digər altı nəfər isə Qəzzanın başqa yerlərində, daha əvvəl həyata keçirilən iki hava zərbəsi nəticəsində həlak olub. Onlardan biri yeniyetmə oğlan olub.

İsrail ordusu "hərbi fəalların" hədəf alındığını açıqlayıb.

Son 13 aydır Qəzzada zorakılıq davam edir; İsrail demək olar ki, hər gün zərbələr endirir, burada yaşayan 2,1 milyon insanın həyat şəraiti isə son dərəcə ağır olaraq qalır.

"Hər gün kimsə öldürülür"

Qəzza
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Bir sentyabr səhəri beş uşaq anası olan 31 yaşlı Fida əl-Tuta Qəzza zolağının mərkəzi hissəsindəki çadırlarında qızının saçını darayırdı. Bu zaman qəfildən atəş səsləri eşidildi.

"Anam uzanmağımız üçün qışqırdı", -deyə oğlu Əzz göz yaşlarını saxlaya bilməyərək xatırlayır.

Əzz Fidanın yaralandığını yalnız atışma zamanı anasının qucağına sığınmış kiçik qardaşının qan içində olan əllərini görəndə başa düşür.

"Anamız çox mehriban və səxavətli idi. O, nə pis iş görmüşdü ki?" - Əzz deyir.

Fida sentyabrın 21-də başından aldığı güllə yarasından həlak olub.

Həmas-a bağlı Qəzza səhiyyə nazirliyinin məlumatına görə, o, ötən il oktyabrın 10-da atəşkəs razılaşması qüvvəyə mindikdən sonra İsrailin hücumları nəticəsində bölgədə həlak olan 1400-dən çox insandan biri olub. BMT bu qurumun təqdim etdiyi məlumatları etibarlı hesab edir.

Atəşkəs razılaşmasına əsasən, İsrail Qəzza zolağında saxlanılan 48 girovun hamısının azad edilməsi müqabilində minlərlə fələstinli məhbusu azad edib.

Tərəflər həmçinin 2023-cü il oktyabrın 7-də Həmas və digər silahlı qruplaşmaların İsrailə hücumundan sonra başlayan müharibəyə son qoymaq barədə razılığa gəliblər. Həmin hücum zamanı təxminən 1200 nəfər öldürülüb, 251 nəfər isə girov götürülüb.

Qəzza sakinləri üçün atəşkəs İsrailin genişmiqyaslı bombardmanlarının dayandırılması demək idi. Bu, onlara xeyli rahatlıq gətirdi, həmçinin bölgəyə daxil olan humanitar yardımın və tibbi ləvazimatların həcmi artdı.

Lakin atəşkəs razılaşması qüvvəyə mindikdən sonra da İsrail Qəzzaya demək olar ki, hər gün zərbələr endirməyə davam edir.

İsrail bəyan edir ki, onun zərbələri Həmas döyüşçülərinə qarşı yönəlib və qruplaşmanı atəşkəs rejimini pozmaqda davam etməkdə ittiham edir.

"Bütün bunlar [atəşkəs] başdan-ayağa yalandır. Hər gün atəş açırlar. Hər gün kimsə öldürülür və ölüm daim pusquda dayanıb bizi gözləyir", - Fidanın həyat yoldaşı Ahəd deyir.

Fidanın ölümü ilə bağlı BBC-nin suallarına cavab olaraq İsrail Müdafiə Ordusu bu hadisə barədə məlumatının olmadığını bildirib.

Bir əlində mobil telefon tutan şəxs telefonun ekranında qara hicablı Fida əl-Tutanın fotosunu nümayiş etdirir.
Şəklin alt yazısı, Qəzza səhiyyə nazirliyinin məlumatına görə, atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri sektorda 1400-dən çox insan həlak olub. Onların arasında Fida da var.

Qəzza səhiyyə nazirliyinin məlumatına görə, üç il əvvəl başlayan müharibədən bəri İsrailin hücumları nəticəsində həlak olanların ümumi sayı 74 mini ötüb.

Fidanın çadırının yanında onun qardaşı İbrahim atəşin İsrail hərbçiləri tərəfindən açıldığını və güllələrin çadırda açdığı izləri göstərdi.

"Bu çadır sadəcə bir parçadan ibarətdir. Təsəvvür edin ki, buraya hərbi maşın yaxınlaşıb və şiddətli atəş açmağa başlayıb", - o deyir. "Göydən, yuxarıdan, kvadrokopterlərdən də atəş açırdılar. Üstəlik, atəş silahsız mülki şəxslərə yönəlmişdi", - İbrahim əlavə edir.

Fida İbrahimin müharibə başlayandan bəri həlak olmuş dörd bacı-qardaşından biridir. "Sağ qalmaq üçün Zeytun məhəlləsindəki evimizdən köçdük, amma ölüm bizi izləyir", - o deyir.

Ailə yaşadığı yeri yeddi dəfə dəyişməyə məcbur olub, lakin yenə də təhlükəsiz sığınacaq tapa bilməyib.

BMT-nin məlumatına görə, Qəzza zolağında yaşayan 2,1 milyon insanın əksəriyyəti müharibə üzündən evlərini dəfələrlə tərk etmək məcburiyyətində qalıb. Hazırda onların çoxu çadır düşərgələrində və təhlükəsiz yaşayış üçün yararsız tikililərdə məskunlaşıb.

Fidanın həlak olduğu gün 14 yaşlı İsmayıl əl-Bardavil də güllələnərək öldürülüb. Hadisə Qəzza zolağının cənubunda, Rəfah yaxınlığındakı Əl-Məvasi bölgəsində baş verib.

Onun qohumları BBC-yə bildiriblər ki, İsmayıl qardaşları ilə birlikdə sahildən təxminən 20 metr aralıda, Aralıq dənizində balıq tutarkən İsrail hərbçiləri ona atəş açıb. Qəzza səhiyyə nazirliyinin məlumatına görə, İsmayıl atəşkəs razılaşması qüvvəyə mindikdən sonra həlak olan 300-dən çox uşaqdan biridir.

İsrail Müdafiə Ordusu bu hadisə barədə də məlumatının olmadığını bildirib.

Son bir il ərzində İsrail Müdafiə Ordusu Qəzza zolağında Həmas-a və digər silahlı qruplaşmalara qarşı keçirdiyi əməliyyatların videogörüntülərini yayımlayıb.

Qəzzada atəşkəs razılaşması qüvvəyə mindikdən sonra azı yeddi İsrail hərbçisi həlak olub.

Qəzzalı bir sakin çadırın parçasında olan güllə dəliklərini nümayiş etdirir.
Şəklin alt yazısı, 2023-cü ildə müharibə başlayandan bəri İbrahim Fida da daxil dörd bacı-qardaşını itirib.

Həm Fida, həm də İsmayıl Qəzza zolağında İsrail hərbçilərinin nəzarətində olan əraziləri qərbdə Həmas-ın nəzarətindəki ərazilərdən ayıran, "sarı xətt" adlanan sərhədin yaxınlığında yaşayırdılar.

Bu xəttin yaxınlığındakı ərazilər ən təhlükəli bölgələr hesab olunur, çünki İsrail hərbçiləri burada tez-tez atəş açırlar. Lakin boş ərazilərin kəskin çatışmazlığı səbəbindən başqa yerə köçmək demək olar ki, mümkün deyil.

Müharibə başlamazdan əvvəl də Qəzza zolağında əhali sıxlığı yüksək idi. İndi isə əhali anklav ərazisinin Həmas-ın nəzarətində olan 40 faizindən də az hissəsində sıxlaşıb yaşamağa məcburdur.

Qruplaşma bu bölgədə sərt nəzarətini qoruyub saxlayır, fərqli düşünənləri susdurur və yeni döyüşçüləri öz sıralarına cəlb etməyə davam edir.

Bu ilin may ayında İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Ordusuna Qəzza zolağında İsrailin nəzarətində olan əraziləri 70 faizə qədər genişləndirməyi tapşırdığını bildirib.

Qəzza zolağındakı şəhərlərdən birində onlarla dağıdılmış çoxmərtəbəli binanın havadan görüntüsü.
Şəklin alt yazısı, Atəşkəs razılaşmasının qüvvəyə minməsindən bir il keçməsinə baxmayaraq, Qəzza zolağının bərpasına hələ də başlanılmayıb.

Memar Amal əl-Abadla müharibədən əvvəl abad mənzildə yaşayırdı, indi isə dəniz sahilindəki çadırda məskunlaşıb.

"Hər dəfə yağış yağanda çadırı su basır. Güclü küləkdən çox qorxuram, çünki o, çadırımıza zərər verə və ya onu dağıda bilər", - o danışır.

Amal iki oğlunu - Məhəmməd və Noyanı təkbaşına böyütməli olub.

Müharibə başlayanda onun həyat yoldaşı Qəzzada deyildi və üç il ərzində ailə yenidən bir araya gələ bilməyib.

Uşaqlara qayğı göstərməkdə ona kömək edən üç qardaşı isə atəşkəs razılaşması qüvvəyə minməzdən əvvəl İsrailin hücumları nəticəsində həlak olub.

"Qışda hava soyuq olduğu üçün oğlumda epileptik tutmalar baş verir. Bəzən onun quru və isti qalmasını təmin etmək çox çətin olur", - deyə Amal danışır.

"Müharibədən əvvəl işim, evim, adi həyatım var idi. Amma sonra hər şey alt-üst oldu. İndi nə ümidimiz var, nə də ümumiyyətlə heç nəyimiz. Gündən-günə yeganə qayğımız sağ qalmaq, uşaqlarımızın həyatını qorumaq, onların təmiz, sağlam və tox olmalarını təmin etmək", - o əlavə edir.

Qəzza zolağının daha içərilərində dəniz səviyyəsindən hətta aşağıda salınmış çadır düşərgələri var. Bu ərazilərdə su basması riski xeyli yüksəkdir.

Amal əl-Abadla Qəzza zolağında qurulmuş çadırda iki azyaşlı oğlu ilə birlikdə oturur.
Şəklin alt yazısı, Amal əl-Abadla Qəzza zolağının sahilində qurulmuş çadırda oğullarını təkbaşına böyütməyin nə qədər ağır olduğunu danışır.

2025-ci ilin oktyabrında əldə edilmiş sülh razılaşması Qəzza zolağının bərpasına yol açmalı idi. Lakin razılaşmanın ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı dalana dirənmiş vəziyyətə görə bərpa işlərinə hələ də başlanmayıb.

İsrail öz təhlükəsizliyi ilə bağlı narahatlıqları əsas gətirərək Qəzza zolağına tikinti materiallarının və texnikanın gətirilməsinə ciddi nəzarət edir.

ABŞ Prezidenti Donald Trump daha əvvəl Həmas-ın tərksilah edilməsi planını təklif etmişdi. Lakin Netanyahu avqust ayında bu planı rədd edərək bildirib ki, Həmas "həqiqətən" tərksilah olunana qədər İsrail qoşunları Qəzzadan çıxarılmayacaq.

Həmas isə öz növbəsində bildirib ki, ağır silahların təhvil verilməsi yalnız İsrailin "təcavüzün bütün formalarına" son qoyması və qoşunlarını Qəzza zolağından çıxarması şərti ilə mümkündür.

Bu arada, Qəzzadan minlərlə kilometr uzaqda, Trump-ın yaratdığı "Sülh Şurası" da anklavın bərpası üçün 2,45 milyard dollar dəyərində plan təklif edib.

Lakin atəşkəs razılaşmasının qüvvəyə minməsindən bir il, müharibənin başlamasından isə üç il keçməsinə baxmayaraq, Amal da daxil olmaqla, Qəzza sakinlərinin çoxu vəziyyətin həqiqətən dəyişəcəyinə ciddi şübhə ilə yanaşır.

"Biz son dərəcə ağır şəraitdə yaşayırıq və bizə heç nəyi bərpa etməyə icazə vermirlər", - deyə o bildirir.

"Uşaqlarımız üçün normal və təhlükəsiz həyat qurmaq imkanı yaradılacağına dair vədlərlə bizə həqiqəti söylədiklərinə inanmıram", - o əlavə edir.