Prezident Zelenski Azərbaycana gəlib

Oxuma vaxtı: 2 dəq

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir.

Aprelin 25-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüşü keçirilib, president.az saytı yazıb.

Bundan sonra, hər iki ölkə rəsmilərinin prezidentlərin iştirakı ilə geniş tərkibdə görüşü başlayıb.

Səfər barədə əvvəldən rəsmi məlumat verilməyib.

Bu onun Rusiyanın Ukrayna ilə müharibəyə başlamasından sonra Azərbaycana ilk səfəridir.

Zelenski Azərbaycana son dəfə 16–17 dekabr 2019-cu il tarixlərində rəsmi səfər edib.

Zelenski X hesabında yazıb ki, Azərbaycana səfərini "Ukraynanın səmanın qorunması sahəsindəki təcrübəsini bölüşən" ekspert qrupu ilə görüşdən başlayıb:

"Digər ölkələrə fayda verə biləcək unikal təhlükəsizlik təcrübəmiz var. Artıq üç istiqamətdə işləyirik: Yaxın Şərq və Körfəz regionu, Avropa İttifaqı və Azərbaycanla əsaslı iş".

O yazıb ki, təhlükəsizlikdən əlavə, bu gün enerji, iqtisadiyyat və humanitar sahədə əməkdaşlığı gücləndirmək üçün çalışacaqlar.