Hesablama Palatası: Gəncə İcra Hakimiyyəti 11 milyon manat artıq xərcləyib

Hesablama Palatası: Gəncə İcra Hakimiyyəti 11 milyon manat artıq xərcləyib

Hesablama Palatası Gəncə şəhərinin icra hakimiyyətində təmir və tikinti layihələri üzrə təxminən 11 milyon manatlıq pozuntu aşkar edib.

Hesabalama Palatası aşkar edib ki, "Gəncə İdman Sarayı"nın tikintisi layihəsi üzrə 9 milyon manatdan çox əlavə xərc yaranıb, Palatanın "Dövlət auditi" bülletenində bildirilir.

249 mənzilli yaşayış binasının inşası layihəsi üzrə isə təxminən 1,3 milyon manat artıq ödəniş edildiyi aşkar olunub, palata açıqlayıb.

Şəhərdə yolların əsaslı təmiri və abadlıq işlərinə çəkilən xərclər yüz minlərlə manat məbləğində şişirdilib.

Audit sənədlərində qeyd edilir ki, bu artıq xərləmələrin bir hissəsi sonradan dövlət büdcəsinə qaytarılıb.

Hesablama Palatası Gəncə Şəhəri İcra Hakimiyyətinin müvafiq qurumunun 2024-cü ildə podratçıya qarşı iddia qaldırdığını və hazırda məhkəmə prosesinin davam etdiyini bildirib.

Bununla belə, Palata bu faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib-etmədiyini açıqlamayıb.

BBC Azərbaycanca Hesablama Palatası və Gəncə şəhər icra hakimiyyəti ilə əlaqə yarada bilməyib.