Körpə yuxusu: valideynlərdə lazımsız stress yaradan beş əfsanə

körpə

Şəklin mənbəyi, Getty

    • Müəllif, Amanda Ruggeri
    • Vəzifə, BBC Future
  • Çap edildi
  • Oxuma vaxtı: 6 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Uşaq inkişafında körpə yuxusu qədər yanlış məlumatların yayıldığı başqa bir sahə yoxdur.

Bu sahə böyük ölçüdə yuxu proqramları, məsləhət satmağı hədəfləyən şirkətlər və kitablar tərəfindən formalaşdırılır.

Körpələrin altı aylıq olduqlarında "gecə boyu yatmalı" olduğu fikrindən tutmuş, hərəkətli yatmaqda yuxunun keyfiyyətli olmadığı inancına qədər, körpə yuxusuna dair geniş yayılmış beş əfsanəni və elmi araşdırmaların reallığa uyğun olub-olmadığını burada tapa bilərsiniz:

1. Xeyr, əksər körpələr gecə boyu yuxulamır

Körpələrin və ya azyaşlı uşaqların "gecə boyu yatması" valideynlər üçün müqəddəs bir hədəf ola bilər.

Lakin azyaşlı uşaqlarla bağlı genişmiqyaslı araşdırmaların tez-tez göstərdiyi kimi, bu vəziyyət nisbətən nadirdir.

Məsələn, Norveçdə 55 mindən çox körpə üzərində aparılan bir araşdırma, altı aylıq körpələrin təxminən yeddidə birinin gecədə ən azı bir dəfə oyandığını, 18 aylıq körpələrin isə dörddə birindən çoxunun oyandığını ortaya qoyub.

2020-ci ildə Finlandiyada 6 minə yaxın uşaq üzərində aparılan bir araşdırma isə üç, altı və ya səkkiz aylıq körpələrin gecədə orta hesabla iki dəfədən çox oyandığını, 12 aylıq körpələrin gecədə 1,8 dəfə, 18 və 24 aylıq körpələrin isə gecədə təxminən bir dəfə oyandığını göstərib.

Körpə yuxusu i

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Körpə yuxusu ilə bağlı əksər araşdırmalar uşaqların gecədə təxminən 12 saat yatdığını və bundan az olan müddətlərin "yetərsiz" hesab edildiyini ortaya qoyur.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Məlumatlar erkən uşaqlıq dövründə gecədə bir-üç dəfə oyanmağın geniş yayıldığını təsdiqləyir. Demək olar ki, bütün uşaqlar gecədə bir-üç dəfə oyanarkən, azlıq təşkil edən bir qrup gecə boyu yuxulayır (üç aylıq körpələrin 16,5 faizi və səkkiz aylıq körpələrin 22,3 faizi).

Bununla belə, körpələrin nə dərəcədə tez-tez oyanması böyük fərqliliklər göstərə bilər. Məsələn, finlandiyalı tədqiqatçılar araşdırmada iştirak edən ən azı bir səkkiz aylıq körpənin gecələri orta hesabla 21,5 dəfə oyandığını bildiriblər.

Bu tədqiqatlar valideynlərin bildirişlərinə əsaslanırdı; yəni körpələr daha tez-tez oyanmış ola bilər, lakin valideynləri bunu fərq etməyə bilərdi.

Uşaqların yuxu rejimlərini analiz etmək üçün video qeydlər kimi daha obyektiv mənbələr istifadə edildikdə, körpələrin əslində daha tez-tez oyandıqları görünür.

Bu üsulu tətbiq edən kiçik, lakin etibarlı bir 2001-ci il araşdırması, orta oyanma sayının (iki dəqiqədən çox çəkən oyanmalar kimi təyin olunub) üç aylıq körpələrdə 3, altı aylıq körpələrdə 3,5, doqquz aylıq körpələrdə 4,7 və 12 aylıq körpələrdə 2,6 olduğunu ortaya qoyub.

Ancaq yaxşı bir xəbər də var: Körpələr ilk yaşlarının sonuna yaxınlaşdıqca, oyanma sayları öz-özünə azalır.

Məsələn, Finlandiyadakı araşdırma səkkiz aylıq körpələrin təxminən onda səkkizinin gecə oyandığını, iki yaşlı uşaqlarda isə bu göstəricinin dörddə birə düşdüyünü göstərib.

2. Gecə oyanmaları hər zaman normal deyil

körpə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Böyüklərdə olduğu kimi, yuxu ehtiyacı körpədən körpəyə dəyişə bilər.

Bəzən uşaqların gecə oyanmağa davam edəcəyi, lakin onlara oyanmamağı öyrətsəniz, bunun aradan qalxacağı deyilir.

Lakin bu yanaşma normal inkişaf edən körpələrin zamanla öz-özlərinə yuxu rejimi inkişaf etdirdiyi həqiqətini gözardı edə bilər.

Həmçinin yuxuya təsir edə biləcək kökdə dayanan sağlamlıq problemlərinin də diqqətdən qaçmasına yol aça bilər.

Məsələn, ABŞ-dakı azyaşlı uşaqların təxminən 15 faizinə təsir edən dəmir çatışmazlığı körpələrdə tez-tez gecə oyanmalarına, narahatlığa və yuxuya getməkdə çətinliyə səbəb ola bilər.

Körpələrdə və azyaşlı uşaqlarda narahat yuxu və ya tez-tez oyanma ilə əlaqəli bir çox başqa vəziyyət də mövcuddur.

Bunlara qida allergiyaları, qastroezofageal reflüks xəstəliyi (GERD) və qulaq infeksiyaları daxil edilə bilər.

Yuxu pozğunluqlarını da unutmamaq lazımdır.

Məsələn, uşaqların təxminən 6 faizində obstruktiv yuxu apnesi olduğu təxmin edilir. Bu vəziyyət də tez-tez oyanmalara gətirib çıxara bilər və ən çox müşahidə edildiyi dövr iki-altı yaş arasıdır.

3. Əksər körpələr üçün gecədə 12 saat yuxu çoxdur

İnternetdə "körpə yuxu proqramı" axtardıqda, çoxunun körpələrin gecədə təxminən 12 saat yatmasını tövsiyə etdiyini görə bilərsiniz.

"7-7" (19:00–07:00) proqramı Qərb və sənayeləşmiş cəmiyyətlərdə populyarlaşdıqca, xüsusilə körpələr və kiçik uşaqlar üçün bu müddətdən az yuxu yetərsiz hesab olunmağa başlandı.

Bəzi uşaqların gecədə 12 saata ehtiyacı olduğu doğru olsa da, əksəriyyəti üçün bu keçərli deyil. Hətta bəzi uşaqlar üçün çox erkən yatırılmaq yatdığı vaxt narahatlığa, tez-tez oyanmalara və ya növbəti səhər çox erkən oyanmağa səbəb ola bilər.

Beş min körpəni əhatə edən bir Avstraliya araşdırması, körpəlikdən beş yaşına qədər uşaqların gecədə orta hesabla 12 saat deyil, 11 saat yatdığını ortaya qoyub.

Bu vəziyyət araşdırmada iştirak edən ən kiçik körpələr, yəni dörd-altı aylıq körpələr üçün belə keçərli idi.

körpə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Yüngül hərəkətlər körpələrin yatmasına kömək edə bilər və bu yuxular, beşikdəki yuxular qədər rahatladıcıdır.

Asiya ölkələri də daxil olmaqla dünyanın digər bölgələrində körpələr daha az yata bilirlər.

Bir araşdırma, üç yaş və altındakı uşaqların Avstraliyada orta hesabla 10,17 saat, Kanadada 9,96 saat, Britaniyada 10,51 saat və ABŞ-da 9,74 saat yatdığını göstərib. Buna qarşılıq Tayvanda bu müddət 8,73 saat, Honkonqda 9,02 saat, Hindistan və İndoneziyada isə 9,15 saat olaraq ölçülür.

"7-7" modelinin ideal qəbul edildiyi cəmiyyətlərdə belə, yuxu sağlamlığı dərnəklərinin tövsiyələri, 12 saatlıq gecə yuxusunun intervalın üst sərhədində yer aldığını göstərir.

Məsələn, Amerika Yuxu Tibbi Akademiyası 24 saatlıq bir müddət ərzində toplam yuxu müddətinin dord-on iki aylıq körpələr üçün 12-16 saat, bir-iki yaşındakı uşaqlar üçün isə 11-14 saat olmasını tövsiyə edir.

Ancaq bu müddətin nə qədərinin gecə, nə qədərinin gündüz yuxusu olması barədə dəqiq bir uzlaşma yoxdur. Bundan əlavə, bəzi araşdırmaçılar bu tövsiyələrin elmi əsaslarının nə dərəcədə möhkəm olduğunu da sual altına qoyurlar.

4. Bəli, hərəkətli yatma dincəldir

İnternetdə tez-tez rast gəlinən bir iddia da körpə arabasında, kenquruda və ya maşında edilən hərəkətli mürgüləmələrin körpələri daha yüngül və daha az dincəldən yuxuya apardığıdır.

Ancaq bunu dəstəkləyən elmi bir sübut yoxdur. Hətta bəzi araşdırmalar bunun əksinin doğru ola biləcəyini göstərir.

İki aylıq 64 körpəni əhatə edən bir araşdırma, körpələrin daha yüksək (ancaq yenə də nəzakətli) bir yellənmə ritmində yuxuya getmə ehtimallarının daha yüksək, ağlama ehtimallarının isə daha aşağı olduğunu ortaya qoydu.

Obstruktiv yuxu apnesi diaqnozu qoyulmuş körpələr yellənən və yellənməyən yataqlara yatırıldıqda, obstruktiv halların sayının yarıya endiyi də görüldü.

Hərəkətli yuxular zamanı körpələrin beyin fəaliyyətlərini araşdıran yayımlanmış bir çalışma hələ mövcud deyil. Ancaq yetkinlərlə aparılan bəzi araşdırmalar var.

Yuxu zamanı beyin fəaliyyətini izləmək üçün elektroensefaloqram (EEQ) istifadə edilən bu çalışmalar, yüngül yellənmənin dərin yuxu mərhələsində keçirilən müddəti artırdığını, insanların daha sürətli dərin yuxuya keçməsinə kömək etdiyini, yaddaş formalaşmasına töhfə verən beyin rəqslərini dəstəklədiyini və yüngül yuxu müddətini azaltdığını göstərir. Yellənmənin siçanlarda belə yuxunu təşviq etdiyi görülmüşdür.

Hərəkətli yuxuların beyin inkişafına zərər verməsi ehtimalı çox aşağı görünür. Çünki körpələr ana bətnindəykən vaxtlarının təxminən 90 faizini yataraq keçirirlər. Üstəlik, bu yuxuların çoxu anaları gəzərkən və ya hərəkət edərkən bətndə yellənərək baş verir.

5. Xeyr, yuxu (adətən) yuxunu bəsləmir

Bəzi körpələr çox yorğun olduqda daha çox oyanıq qalır və stresə girirlər.

Bu da gecələri yuxuya getmələrini çətinləşdirə bilər.

Ancaq, bir uşağın gündüz nə qədər çox yatarsa, gecə də o qədər çox yatacağı fikri, adətən, araşdırmalarla təsdiqlənmir.

Əslində, daha böyük körpələr və məktəbəqədər uşaqlarda aparılan əksər araşdırmalar bunun tam tərsinə işarə edir.

İki yaşından sonra uşaqlar gecə yuxuya getmək üçün daha çox uğraşır və gündüz yuxusu aldıqları günlərdə gecə daha tez-tez oyanırlar.

Bəzi valideynlik tövsiyələrinin əksinə, gündüz yuxusu körpənin gecə yuxusunu poza bilər.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bəzi valideynlik tövsiyələrinin əksinə, gündüz yuxusu körpənin gecə yuxusunu poza bilər.

Ancaq kiçik körpələrin daha çox yatdığı günləri daha az yatdıqları günlərlə müqayisə edən bir araşdırma bir az fərqli bir nəticə ortaya qoydu.

Bu araşdırmada yuxu-oyanma rejimini qiymətləndirmək üçün hərəkətləri izləyən cihazların yer aldığı aktiqrafiya üsulundan istifadə edildi.

Bu, valideynlərin bildirişlərindən daha obyektiv bir yuxu ölçmə üsuludur.

Altı və ya 15 həftəlik körpələr üçün gündüzləri normaldan daha uzun müddət yatmaq gecə yuxularına təsir etmədi.

Ancaq körpələr 24 həftəlik olduqda bu vəziyyət dəyişdi; daha uzun mürgüləmələr gecə daha çox yuxu mənasına gəldi.

Bu fərqin çox kiçik olduğunu qeyd etmək vacibdir: altı aylıq körpələr gecə, sadəcə, 14 dəqiqə daha çox yatmaq üçün gündüzləri bir saat daha çox yatmaq məcburiyyətində qaldı.

Daha uzun mürgüləmənin körpələrin gecələri niyə bir az daha çox yatdığını izah edib-etmədiyi də aydın deyil; məsələn, böyümə sıçrayışı keçirdikləri üçün daha uzun mürgüləməyə ehtiyac yaranmış ola bilər.

Bu da gecələri daha çox yatmalarının səbəbi ola bilər.

"Yuxu yuxu gətirər" tezisini dəstəkləyən araşdırmanın təsirli olmaması təəccüblü gəlməməlidir.

Bunun səbəbi, yuxuya getməyin təməl bioloji dayaqlarından birinin yuxu-oyanlıq homeostazı olmasıdır.

"Yuxu təzyiqi" olaraq da bilinən bu vəziyyət, körpələr (və ya yetkinlər) nə qədər uzun müddət yuxusuz qalarsa, o qədər artar.

Bir körpə, öz fərdi ehtiyaclarına görə gün ərzində çox yatıbsa, yatmaq vaxtı yuxuya getməsi çətinləşər, asanlaşmaz.

Yuxu ehtiyacı fərdi və dəyişkəndir və yetkinlər kimi körpələr də bədənlərinin ehtiyac duyduğundan daha çox yatmalı olduğuna inandırıla bilməzlər.