Həddindən artıq həssas valideynlərin artması müşahidə olunur

Şəklin mənbəyi, Prashanti Aswani
- Müəllif, Melissa Hogenboom
- Oxuma vaxtı: 5 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Kiçik yaşlı uşaqları olan hər hansı bir valideyndən özünü tükənmiş hiss edib-etmədiyini soruşsanız, cavab böyük ehtimalla "bəli" olacaq.
Hətta ən rahat evlərdə belə, səs-küyün, dağınıqlığın və xaotik vəziyyətin nəzarətdən çıxdığı, valideynlərin yorğun və əsəbi olduğu günlər ola bilər. Kiçik uşaqların "söndürmə" və ya "səssizə al" düyməsi də yoxdur.
Bu hiss nə qədər normal və yayğın olsa da, bəzi valideynlər üçün gündəlik ailə həyatını daha boğucu hala gətirə bilən bir şəxsiyyət xüsusiyyəti var.
2018-ci ildə aparılan bir araşdırmaya görə, əhalinin təxminən 20-30 faizi yüksək həssaslığa malik insan (HSP) kimi təsnif edilir. Bu xüsusiyyət elm adamları və cəmiyyət tərəfindən getdikcə daha çox qəbul olunur.
Bu növ həssaslıq qoxular, görüntülər və ya səslərlə bağlı ola bilər. Bu xüsusiyyətə sahib olanlar, məsələn, parlaq işıqlar və yüksək səslərlə başa çıxmaqda çətinlik çəkə bilər və xaotik vəziyyətləri çox stresli hesab edə bilərlər.
Bu xüsusiyyət digər insanların əhval-ruhiyyəsi və ya duyğuları haqqında yüksək fərqindəlik və xüsusilə güclü empatiya hissi ilə də əlaqəli ola bilər.
Buna valideynliyin gətirdiyi tələbləri də əlavə etdikdə, nəticə tamamilə fəlakət kimi görünə bilər.
Gündəlik duyğusal və hissi həddindən artıq yüklənmə ilə yanaşı, yüksək həssaslığa malik valideynlər eyni zamanda yüksək həssaslığı olan uşaqlara baxmağın gətirdiyi əlavə çətinliklərlə də qarşılaşa bilərlər.
Yüksək həssaslığın 47 faizində bunun irsi olduğu düşünülür.
Ancaq araşdırmalar göstərir ki, bu xüsusiyyətin bəzi üstünlükləri də ola bilər.
Bu nüansları anlamağı öyrənmək valideynliyi boğucu bir təcrübədən daha çox, keyfiyyətli və zənginləşdirici bir təcrübəyə çevirməyə kömək edə bilər.

Şəklin mənbəyi, Prashanti Aswani
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
İlk addım, yəqin ki, özünüzü anlamaqdır.
Həssaslığı araşdıran müxtəlif universitetlərin psixoloqlarından ibarət bir komanda bunun üçün ödənişsiz onlayn test hazırlayıb.
Əsas məsələ odur ki, yüksək həssaslığın bir xəstəlik deyil, bir şəxsiyyət xüsusiyyəti olduğunu, bunun insanın ətraf mühitə reaksiya vermə forması kimi başa düşülməsinin lazım olduğunu dərk edəsən.
Xüsusilə, yüksək həssaslığı olanlar duyğusal siqnallara güclü reaksiya verməyə meyillidirlər. Bu, Sensor Emal Həssaslığı (SPS) kimi tanınır.
London Queen Mary Universitetinin inkişaf psixoloqu və yüksək həssaslıq mütəxəssisi Michael Pluess deyir: "Ümumiyyətlə, həssas insanların qavrayışı daha yüksəkdir, onlar daha çox detalı görürlər".
"Digər insanların əhval-ruhiyyəsini hiss edirlər və empatiya səviyyələri daha yüksəkdir. Həmçinin hadisələri daha dərindən analiz edirlər, beləliklə ətraf mühit haqqında daha çox məlumat əldə edirlər.
Yəni, yaşadıqları haqqında dərindən düşünməyə meyillidirlər və gördüklərindən, hiss etdiklərindən dərindən təsirlənə bilərlər".
Yüksək həssaslıq müəyyən hadisələrə və ya təcrübələrə qarşı, daha az həssas olan insanların reaksiyasından ölçülə bilən dərəcədə fərqli bir beyin reaksiyasıdır.
Bir araşdırmada tədqiqatçılar təsadüfi seçilmiş bir qrup insandan yüksək həssaslıq testi keçmələrini istəyib.
Daha sonra iştirakçılara xoşbəxt və kədərli insanların fotolarını göstərib və MRT vasitəsi ilə beyin fəaliyyətlərini izləyiblər.
Testdə yüksək bal toplayan qrupdakı yüksək həssaslıqlı şəxslərin beyin nahiyələrində fərqində olmaq və empatiya qurmaqla bağlı daha böyük aktivlik müşahidə olunub.
Digər araşdırmalar da sensor emal həssaslığı olanların xüsusilə empatiya və reflektiv düşünmə ilə bağlı bölgələrdə intensiv beyin fəaliyyəti nümayiş etdirdiklərini üzə çıxarıb.

Şəklin mənbəyi, Prashanti Aswani
Pluess vurğulayır ki, məlumatları dərindən emal etmə meyli yüksək həssaslığa malik insanların asanlıqla ifrat dərəcədə qıcıqlanmasına (həyəcanlanmasına) səbəb ola bilər.
Məsələn, bəzi insanlar bir filmin süjetini eşitdikdə belə diksinirlər. Onlar üçün həmin filmi izləmək qeyri-mümkündür.
Akustikası pis olan, səs-küylü bir mühitdə olmaq fiziki olaraq ağrılı ola bilər. Səs-küylü metroda qulaqlarını qapamaq məcburiyyətində hiss edə bilərlər.
Səs-küyə qarşı bu həssaslıq valideynliyi xüsusilə çətinləşdirə bilər. Uşaqlar qışqırdıqda, beyinləri partlayacaqmış kimi hiss edirlər.
Uşaqların ehtiyaclarına cavab vermək və onları rahatlatmaq üçün bu hissi "söndürməyi" öyrənməlidirlər. Təbii ki, dincəlmiş olduqda bu daha asan olur.
Təəssüf ki, valideynlik - ən azından ilk illərdə - həm də yuxu pozğunluğu deməkdir.
Pluess bildirir ki, yüksək həssaslığa malik valideynlərin qarşılaşdığı çətinliklər "keyfiyyətli valideynlik" etməyə mane ola bilər.
Araşdırmalar göstərir ki, valideynliyin ilk mərhələlərində yüksək həssaslığı olanlar daha çox stres yaşayır və valideynliyi digərlərinə nisbətən daha çətin hesab edirlər. Bununla belə, eyni tədqiqatlar bu şəxslərin övladları ilə daha çox ahəngdarlıq içində olduqlarını da sübut edir.
Bu, yüksək həssaslıqlı insanların xüsusilə güclü empatiya nümayiş etdirdiklərinə dair digər tapıntılarla üst-üstə düşən yaxşı bir xəbərdir.
Ortaya çıxan sübutlar yüksək həssaslığa malik valideynlərin hiss etdiyi əlavə stresin qısamüddətli ola biləcəyini də göstərir.
Avropa İnkişaf Psixologiyası Konfransında təqdim olunan bir çalışma, yüksək həssaslıqlı valideynlərin başlanğıcda yüksək səviyyədə stres yaşadıqlarını, lakin körpələri doqquz aylıq olduqda, aşağı həssaslığa malik olanlara nisbətən daha yaxşı valideynlik nümayiş etdirdiklərini ortaya qoyub.
Bu tədqiqatı İtaliyadakı G. d'Annunzio Universitetinin tədqiqatçısı Francesca Lionetti aparıb və o, başqa bir faktorun da rol oynadığını müşahidə edib:
Mənfi uşaqlıq təcrübələri yüksək həssaslığa malik bir insanın valideynliyə necə reaksiya verməsinə təsir edir.
"Uşaqkən [valideynləri tərəfindən] rədd edilmə təcrübəsi yaşayıblarsa, daha çox stres keçirdiklərini və valideyn-uşaq münasibətlərində daha müdaxiləçi olduqlarını deyirlər."
Lionettiyə görə, "ifrat həssas" bir valideyn olmaq pis bir şey deyil. Məsələn, detallara qarşı həssas olmaq valideynlikdə müsbət faktor ola bilər.
Bu, başqa bir araşdırma ilə də uyğunluq təşkil edir.
Həmin araşdırmada yeni müəllimlər çətin mühitlərə işləməyə göndərildikdə, daha həssas olanların həssaslıq balı aşağı olanlara görə vəziyyətlərində daha böyük tənəzzül yaşadıqları və daha çox stres hiss etdikləri məlum olub.
Lakin mühitə alışdıqdan sonra tamamilə bərpa olunublar.
Pluess bu vəziyyəti belə izah edir: "Həssas insanlar qısamüddətli perspektivdə dəyişikliklərdən daha asan təsirlənə bilərlər".
Lakin valideynlik məsələsində yüksək həssaslığa malik valideynlərin qeyri-adi olma potensialı olduğunu deyir:
"Həssaslıqları onlara uşaqlarını anlamağa və uşaqlarının ehtiyaclarına daha sürətli, həm də daha uyğun şəkildə cavab verməyə kömək edir".

Şəklin mənbəyi, Prashanti Aswani
Valideynlərin tükənməsi, əlbəttə ki, yüksək həssaslıq sahibi olub-olmamasından asılı olmayaraq hər kəsə təsir edə biləcəyi üçün, yüksək həssaslıqlı şəxslərə yönəlmiş bəzi öhdəsindən gəlmə strategiyaları əslində bütün valideynlərin xeyrinə ola bilər.
Bunlardan biri öz reaksiyalarınızın fərqində olmaq və sizi nəyin stresə saldığını və ya nəyin rahatlatdığını bilməkdir.
Pluess qeyd edir ki, özünüdərk sayəsində valideynliyin müsbət tərəflərini və çətinliklərini qəbul edə bilərik, usandığınız zaman isə sakitləşməyin yollarını axtara və ya səssiz məkanlar tapa bilərik.
"Həssas insanlar sosial dəstəkdən də sanki faydalanır" - deyə o əlavə edir.
Araşdırmalar göstərir ki, yüksək həssaslığa malik olanlar dözümlülüyü (psixoloji möhkəmliyi) təşviq edən psixi sağlamlıq proqramlarına daha yaxşı reaksiya verirlər; yüksək həssaslıqlı uşaqlar isə bullinqə (zorakılığa) qarşı müdaxilələrdən digərlərindən daha çox fayda görürlər.
Yüksək həssaslığa malik olanlar, hər mühitdə böyüyə bilən daha az həssas "zəncirotu (karahindiba) tipli" insanlardan fərqli olaraq, şərait uyğun olmadıqda inkişaf etməkdə çətinlik çəkən "orkideya" kimi xarakterizə olunur.
Əlbəttə, hər kəsin işığa və istiyə ehtiyacı var və zahirən zəncirotu kimi görünən bir insan, əslində ehtiyaclarını inkar etmək məcburiyyətində qalan bir orkideya ola bilər.
Həmçinin bu metafora, inkişafımıza kömək etmək üçün ətrafımızı bir az dəyişməyə çalışmağın normal olduğunu anlamağa kömək edə bilər.
Bəzən valideynlik insanlara həyatlarını "orkideya dostu" halına gətirməyə kömək edə bilər. Məktəbdə qızım mütəmadi olaraq "beyin fasilələri" verir və dincəlmək üçün mahnılar oxuyur.
Hələ ki, işlər nəzarətdən çıxmağa başlayanda bütün ailəmi mahnı oxuyaraq "beyin fasiləsi" verməyə razı sala bilməmişəm, amma bəlkə də sınamalıyam.























