Laçın sərhədində döyülənlərlə bağlı araşdırmaya çağırışlar

Şəklin mənbəyi, BBC World Service
Şənbə günü Yerevandan Qarabağa yollanan avtomobil kolonnasını Laçın sərhədində saxlayan dəyənəklərlə silahlanmış polis və mülki geyimli şəxslər avtomaşınlara hücum edib, geri qayıtmağa məcbur ediblər.
Nəticədə 15 minik avtomobilinə ziyan vurulub, üç jurnalistin peşəkar video kamerası sındırılıb, 20-yə yaxın adam, o cümlədən 3 jurnalist, 4 həddi-buluğa çatmamış uşaq xəsarət alıb, yürüşü təşkil edən Müəssislər Məclisi adlanan hərəkatın saytında dərc olunmuş <link type="page"><caption> video və şəkillərlə</caption><url href="https://www.youtube.com/watch?v=nbF33yx8jpo" platform="highweb"/></link> müşayiət olunan məlumatda deyilir.
Yürüşü “Genosidin 100 illiyini rejimsiz qarşılamaq” şüarı altında fəaliyyət göstərən Müəssislər Məclisi hərəkatı öz mübarizə proqramı haqqında “Qarabağ soydaşlarına məlumat vermək" məqsədilə təşkil etmişdi.
Yürüşdə qırxa yaxın minik avtomobilləri ilə 160-a yaxın adam iştirak edirdi.

Şəklin mənbəyi, BBC World Service

Şəklin mənbəyi, BBC World Service
Hərəkatın “salamat qalmış kameraları” ilə çəkilən kadrlarında avtomobil karvanının Laçın rayonu girəcəyində “Azad Artsax sizi salamlayır” yol nişanı yaxınlığında saxlanıldığı və avtomobillərə polis dəyənəkləri ilə zərbələr endirildiyi görünür.
Hərəkatın lideri Qarabağ müharibəsi veteranı, Şuşa əlahiddə batalyonunun komandiri Jirayr Sefilyan və başqa müharibə veteranları xəsarət alıblar. Noyan Tapan agentliyinin müxbiri Anuşavan Şahnazarov ağır zədələrlə xəstəxanaya düşüb.
Hərəkatın üzvü Varujan Avetisyanın sözlərinə görə, təşviqat yürüşü iştirakçılarına polis və üzü maskalı silahlı şəxslər hücum edib.
“Biz artıq dönüb geri qayıtmaq istəyirdik, lakin, görünür onlara avtomaşınları əzmək, insanları döymək əmri verilmişdi. Yüksəklikdən bunları avtomatla silahlanmış dəstə izləyirdi. Onlar havaya atəş açırdılar”, - Varujan Avetisyan deyib.
“Rusiya zonası”

Şəklin mənbəyi, BBC World Service
Ermənistan təşviqat avtokarvanının “Qarabağ sərhədində“ hücuma məruz qalması Ermənistan müxalif partiyaları tərəfindən tənqid olunub.
Erməni Milli Konqresi zorakılıq hadisəsində Qarabağ rəhbərliyi ilə birlikdə Ermənistan rəhbərliyini günahlandırıb və “bu hadisənin beynəlxalq aləmdə DQR-in demokratik imicinə mənfi təsir” edəcəyindən narahat olduğunu bildirib.
Ermənistan Milli Məclisinin üzvü Nikol Paşinyan Berdzorda (Laçın rayonunda) “qeydə alınmış dəhşətli hadisənin Artsaxın (tanınmamış Dağlıq Qarabağ Respublikasının) dövlətçiliyinə zərbə” adlandırıb.
“Bu gün əhali şok içindədir və cavab gözləyir”, - deyə Paşinyan hadisəni araşdıraraq qiymət verməsi üçün Ermənistan parlament nümayəndə heyətinin Qarabağa ezam etməsini təklif edir.

Şəklin mənbəyi, BBC World Service
Yürüşdə iştirak edən “Qarabağ” komitəsinin sabiq üzvü, siyasi təhlilçi İqor Muradyan isə etiraz əlaməti olaraq, Qarabağ parlamenti tərəfindən 2003-cü ildə təltif olunduğu Mesrop Maştots ordenini qaytarır.
Bu barədə o, bazar ertəsi Yerevanda mətbuat konfransı zamanı deyib.
İqor Muradyanın sözlərinə görə, bunun səbəbi avtoyürüşün hücuma məruz qalması deyil, bu yalnız bəhanəsidir.
“Vaxtilə bu medalı mənə verənlər, dövlət deyil, orada heç vaxt dövlət olmayıb, o – zonadır... Və ağır gələn odur ki, erməni zonası deyil, rus zonasıdır“, - o deyib.
Muradyan Qarabağ hərəkatının sonrakı inkişaf istiqamətindən, idarə olunması və bürokratiyasının fəaliyyətindən, “Rusiyanın maraqlarına xidmət etmək, Rusiyaya loyal görünmək cəhdlərindən” məyus olub.
Onun sözlərinə görə, “160 nəfər Qarabağda inqilab edəsi deyildi. Onların qarşısına bir tapşırıq qoyulub, o ərazilər gözlənilməz olaylardan qorunmalıdır. Məqsəd Rusiya qoşunlarını Qarabağa yeritməkdir... Biz orada Rusiya əleyhinə çıxışlar edə bilərdik... Yerli rəhbərlik yəqin bundan qorxurmuş. Başqa səbəb yoxdur”.
“Geniş kütlələrin xahişi ilə”

Şəklin mənbəyi, BBC World Service
İnsidentlə bağlı Dağlıq Qarabağ polisinin bəyanatına əsasən, Müəssislər Məclisinin təşviqat avtoyürüşü “Dağlıq Qarabağda geniş ictimai dairələrin mənfi reaksiyasını doğurub və əhalinin əksər hissəsi yürüş iştirakçılarının Qarabağa daxil olmasının qarşısını almaq qərarına gəlib”.
Asayişin pozulması ehtimalına qarşı polis “Qoris-Stepanakert yolunun bəzi hissələrində naryadlar yerləşdirib, yürüş iştirakçıları ilə izahat işi aparıb və Qarabağda ictimai gərginlik yaratmamaq üçün təşəbbüslərindən dönməyə” çağırıb.
Buna baxmayaraq, avtoyürüş iştirakçılarının bir qrupu “qeyri-qanuni hərəkətlərə əl atıb və təxribat xarakterli əməllərini davam ediblər“, bəyanatda deyilir.
Belə ki, “kütləvi iğtişaşlara yol verməmək məqsədilə Dağlıq Qarabağ polisi qanun üzrə malik olduğu səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görməyə məcbur olub“.
























