Snowden Moskvanın agenti olduğu barədə iddiaları "cəfəng" sayır

Şəklin mənbəyi, AFP
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş əməkdaşı Edward Snowden Amerikanın New Yorker jurnalına müsahibəsində onun güya Rusiya casusu olması barədə iddiaları "absurd" adlandırıb.
Onun təbirincə, "nəinki heç bir hökümətin, heç bir fərdin belə köməyi olmadan təkbaşına hərəkət etdiyi birmənalı şəkildə aydınıdr".
Rusiya casusu olmadığını, Edward Snowden-in qənaətincə, o cümlədən, onun əvvəlcə Honkonqa yollanması, sonra isə "Şeremetyevo" aeroportunda ilişib qalması da sübut edir.
"Casuslara daha yaxşı münasibət göstərilir", - Snowden New Yorker jurnalına müsahibəsində bildirib.
Bundan əvvəl ABŞ Konqresinin nümayəndələr palatasının kəşfiyyat komitəsinin sədri, respublikaçı Mike Rogers keçmiş MTA əməkdaşı Edward Snowden-in 2013-cü ilin mayında ABŞ-dan qaçana qədər Rusiya kəşfiyyatına işlədiyi fərziyyəsini irəli sürmüşdü. Bununla belə Mike Rogers dediklərinin sübutunu təqdim etməyib.
Bundan əlavə, kəşfiyyat üzrə Senat komitəsinə rəhbərlik edən və Kaliforniyadan olan Demokrat senator Dianne Feinstein Snowden-in "Rusiyadan yardım ala bildiyinə" işarə etmiş, lakin yenə də sözlərini dəlil-sübutla təsdiqləməmişdi.
ABŞ-ın FBİ Federal Təhlükəsizlik Bürosu isə Edward Snowden təkbaşına hərəkət etdiyini hesab edir.
Amerika kəşfiyyatının qaçaq düşmüş keçmiş casusu Edward Snowden-ə 2013-cü ilin avqust ayında Rusiya tərəfindən müvəqqəti siyasi sığınacaq verilmişdi.
Bundan əvvəl ABŞ Edward Snowden-in mühakimə olunmaq üçün ekstradisiyasını istəmişdi, lakin Moskva onu təslim etməkdən imtina etmişdi.
























