Edward Snowden-in atası Moskvaya gəlib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Edward Snowden tezliklə Rusiyada işə düzələ bilər.
Bu barədə jurnalistlərə bugün Edward Snowden-in hüquqlarını müdafiə və onu təmsil edən Rusiyalı vəkil Anatoli Kuçerena bildirib.
"Mən deyə bilərəm ki, ona iş təklif edənlərin sayı kifayət qədərdir. Hazırda həmin təklifləri Edward Snowden nəzərdən keçirməkdədir. Əminəm ki, o, özünə tezliklə iş tapacaq və bu yüksəkmaaşlı bir iş olacaq", - Anatoli Kuçerena "Rossia 24" televiziya kanalının efirində çıxış edərkən bildirib.
Vəkilin təbirincə, Edward Snowden-ə edilmiş iş təklifləri, əsasən, İT və hüquq müdafiəsi sahələrini əhatə edir.
Onun sözlərinə görə bu məsələni Edward Snowden atası ilə də məsləhətləşib həll edə bilər.
Edward Snowden-in atası, Lon, ABŞ-dan Moskvaya bu gün səhər tezdən gəlib.
Lon Snowden jurnalistlərə "oğlunun üzünü uzun müddətdir ki, görmədiyini" deyib.
Ata Snowden oğluna sığınacaq verildiyinə görə, Rusiya hökümətinə, prezident Vladimir Putinə və vəkil Anatoli Kuçerenaya təşəkkürünü bildirib.
Öz növbəsində, Anatoli Kuçerena jurnalistlərə deyib ki, "Şeremetyevo" aeroportundan Moskvaya gedən yolda, onun və Lon Snowden-in oturduqları avtomobili 5 naməlum avtomobil izləyib.
"Həmin avtomobillərdə kimlərin olduğu və bunu nə üçün etdikləri bizə məlum deyil. Bu məsələ bizi narahat edir", Edward Snowden-in vəkili bildirib.
ABŞ-ın vətəndaşları kütləvi izləməsi proqramı ilə bağlı sirləri mətbuata sızdırmış Edward Snowden-in Amerikaya verilməsini rəsmi Vaşinqton dəfələrlə tələb etsə də, Rusiya ona bu ilin avqust ayında siyasi mühacir statusu verib.
























