9 may Qələbə Günü Bakı və Moskvada qeyd olunub

Oxuma vaxtı: 1 dəq

9 May–Qələbə Günü münasibətilə Bakıda prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri, Milli Məclisin üzvləri, ictimaiyyət təmsilçiləri iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət ediblər.

Abidənin önünə əklillər qoyulub, Böyük Vətən Müharibəsində dünyasını dəyişmiş insanların xatirəsi yad edilib.

Prezident Əliyev müharibə veteranları ilə görüşüb, onların xatirələrini dinləyib, problemləri ilə maraqlanıb, APA xəbər verir.

Rusiyada isə 9 May–Qələbə Günü Qızıl meydanda ənənəvi hərbi parad keçirilməsilə qeyd olunub.

Paradda çıxış edən Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya dünyada təhlükəsizliyin möhkəmlənməsi üçün səylərini davam etdirəcək.

Nasist Almaniyası üzərində qələbənin 68-ci ildönümünə həsr olunmuş hərbi paradda Rusiyanın hərbi qüdrətini nümayiş etdirən silah növləri arasında Qızıl meydandan o cümlədən S-400 raket sistemi və Topol-M qıtələrarası ballistik raket keçirildi.

Moskvadakı hərbi parad gedişində eləcə də Ка-52 və Ми-28 yeni hərbi vertolyotlar, Su-34 yeni qırıcı təyyarə, təkmilləşdirilmiş Su-27 və MiQ-29 təyyarələr də nümayiş etdirildi.

Moskvada hərbi paradı Rusiyanın Müdafiə naziri Sergey Şoyqu qəbul edib.

9 May–Qələbə Günü digər keçmiş sovet respublikalarında da qeyd olunur.