Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür

Çap edildi

Azərbaycan iki il müddətinə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2012-13-cü illər üçün qeyri-daimi üzvü seçilib.

Bakı vaxtı ilə gecə 12.00-da keçirilən seçkilərdə Azərbaycan Sloveniya ilə yarışırdı.

Lakin Sloveniya BMT Baş Assambleyası Şərqi Avropa qrupundan Təhlükəsizlik Şurasına (BMTTŞ) namizədliyini geri götürüb, nəticədə Azərbaycan avtomatik olaraq qalib gəlib.

Azərbaycanın qeyri-daimi üzv seçilməsinə 193 ölkədən 155-i müsbət rəy verib.

Azərbaycan və Sloveniyadan başqa, Macarıstan həmin yerə öz namizədliyini irəli sürsə də, ilk mərhələdən o yana gedə bilməyib. Azərbaycanla Sloveniya arasında isə daha 4 yarış turu baş tutub, lakin nəticəsiz qalıb.

Azərbaycan 1992-ci ildən BMT-nin üzvüdür. Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin qorunması ilə məşğul olur.

15 üzvü olan Şuranın 5 daimi- Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ və 10 qeyri-daimi üzvü var.

Bu üzvlərə yanvardan Kolumbiya, Almaniya, Hindistan, Portuqaliya, CAR və gələn yanvardan fəaliyyətə başlayacaq Pakistan, Toqo, Mərakeş, Qvatemala və Azərbaycan daxildir.