9/11 hücumları ABŞ-Azərbaycan münasibətlərini necə dəyişdi?

11 sentyabr

Şəklin mənbəyi, DOUG KANTERAFPGetty Images

Şəklin alt yazısı, 11 sentyabr 2011 - Dünya Ticarət Mərkəzinin binalarından biri çökməkdə ikən yoldan keçən piyadalar hadisə yerindən uzaqlaşır.
    • Müəllif, Könül Xəlilova
    • Vəzifə, bbcazeri.com

2001-ci ilin 11 sentyabr hadisələri olmasaydı, Amerika Azərbaycanda söz azadlığına və insan haqlarına daha artıq diqqət ayırardı – ABŞ-dakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin baş təhlilçisi Bülent Elirza bildirib.

BBC Azərbaycancaya müsahibəsində o, deyb ki, Nyu Yorkda və Vaşinqtonda edilən hücumlardan sonra ABŞ-ın həm daxili, həm də xarici siyasəti dəyişdi və özünə müttəfiqlər axtarmağa başladı.

Ağ Evə bir çox ölkələrin, o cümlədən Azərbaycandanın yardımı lazım idi. Və tədricən iki ölkə arasındakı problemlər arxada qalmağa başladı.

Azərbaycan “terrorizmə qarşı” mübarizədə Amerikanın müttəfiqi oldu, əsgərlərini İraqda sülhməramlı əməliyyatlarda iştirak üçün göndərdi və Amerikanın Əfqanıstandakı hərbi əməliyyatları üçün hava dəhlizi verdi.

“Və Azərbaycan –ABŞ münasibətlərində insan haqları, mətbuat azadlığı sahəsində şübhələr bir tərəfə buraxıldı və Azərbaycanla münasibətlər inkişaf etdirildi” – deyir Bülent Əlirza və əlavə edir ki, son 10 ildə Azərbaycan-ABŞ münasibətləri daha yaxşı bir nöqtəyə çatıb.

Təhlilçi xatırladır ki, Azərbaycan 11 sentyabr hadisələrindən öncə dünya bazarlarına neft və qaz ixracı baxımından ABŞ üçün önəmli idi.

“Ancaq 11 sentyabr hadisələrindən sonra Azərbaycanın cənubunda yerləşən İran Amerikaya düşmən ölkə olaraq görüldüyü üçün Azərbaycanın önəmi ABŞ üçün artdı”.

Hazırda Bakı və Vaşinqton bir çox sahələrdə, xüsusilə də təhlükəsiz məsələlərində əməkdaşlıq edir. ABŞ rəsmiləri dəfələrlə Vaşinqton-Bakı münasibətlərini tərif edib, Azərbaycanı önəmli tərəfdaş adlandırıb.

Ancaq təhlilçilər düşünür ki, iki ölkəni dostlaşdıran səbəblər Azərbaycanda insan haqlarının vəziyyətinə, mətbuat azadlığına xeyirdən çox ziyan verib, çünki təhlükəsizlik maraqlarını üstün tutan ABŞ Azərbaycandakı problemlərlə bağlı daha yumşaq mövqedədir.

İnsan haqları

Bakıda yerləşən Seçkilərin Monitorinqi və Demokratik Tədqiqatlar Mərkəzinin rəhbəri Anar Məmmədli deyir ki, ABŞ ilə sıx əməkdaşlıqları “bəzi hallarda Azərbaycan rəhbərliyi sanki insan hüquq və azadlıqları sahəsində problemlərlə bağlı kompensasiya kimi görməyə başladı”.

İnternetdə xəbər sızdırma saytı Wikileaks-in yaydığı ABŞ diplomatlarının teleqramlarında Azərbaycan rəhbərliyinin insan haqları ilə bağlı Vaşinqtonun tənqidlərinə cavab olaraq məhz təhlükəsizlik tərəfdaşı olması arqumentini gətirdiyi bildirilir.

2009-cu il iyun tarixli bir teleqramda Prezident İlham Əliyevin enerji ilə zəngin Azərbaycanın Vaşinqton üçün neft və qaz mənbəyi, eləcə də, NATO-nun Əfqanıstan əməliyyatlarında tərəfdaşı kimi önəmli ölkə olmasını önə çəkdiyi bildirilir.

“Azəbaycanın Vaşinqtonu demokratiya və insan haqları məsələsində təmin etmədiyini etiraf edərək, o, həmçinin ölkəsinin bir çox məsələlərdə yardımçı olduğunu və real müttəfiq kimi rəftar olunmağa layiq olduğunu dedi”.

Anar Məmmədlinin fikrincə, Azərbaycan hökuməti demokratiya sahəsində islahatlar üçün superügclərdən təzyiq gözləməməli və bu, onun daxili maraqları olmalıdır.

“Azərbaycan hakimiyyəti əsas azadlıqlara məhəl qoymur və müxalif fikirli insanları sıxışdırmaqda davam edir” – bu barədə ABŞ-da mənzillənən Freedom House insan haqları təşkilatının son hesabatında deyilir.

Emin Milli, Adnan Hacızadə və Eynulla Fətullayev kimi azadlığı beynəlxalq ictimaiyyət tərəfindən tələb olunan fəallar sərbəst buraxılsa da, insan haqlarının vəziyyətilə bağlı problemlərin hələ mövcud olduğunu deyən təşkilatarının hesabatlarında Azərbaycan daim tənqid olunur.

Freedom House təşkilatının hesabatında deyilir ki, Azərbaycan hakimiyyəti, xüsusilə də insan haqları sahəsində islahatlar üçün beynəlxalq təzyiqlərə məhəl qoymur. “Hakim elita 2010-cu ildə Azərbaycanda avtoritar gücünü möhkəmkəndirdi, əsas insan haqları və sivil azadlıqlar hesabına və tənqidçiləri qorxutmaqla sabitliyi saxladı”.

Azərbaycan rəsmiləri isə tənqidləri rədd edir.

“Yalan”

Azərbaycanda insan haqlarının vəziyyətinə “biganə münasibət”ə görə tənqid olunan ABŞ diplomatlarının “səmimi sözləri” 2010-cu il yanvar teleqramlarında əks olunub.

Həmin yazışmalarda Azərbaycan hökuməti insan haqlarını arxa plana artmaqda tənqid olunur.

" Azərbaycanın onsuz da aşağı olan demokratiya və insan haqları vəziyyəti daha da pisləşir, media azadlıqları boğulur, sərbəst toplaşma və söz azadlıqlarına məhəl qoyulmur” – deyilir teleqramda.

Bununla bağlı Frans Press agentliyinə açıqlama verən Prezident adminstrasiyası rəsmisi Əli Həsənov iddiaları “yalan” adlandırıb.

“Biz bu mesajların saxta olduğunu sübut etmişik” – o, deyib.

Vaşinqtonun dünyaya baxışı son 10 ildə dəyişdiyi kimi onun müxtəlif ölkələrlə münasibətləri də dəyişib. Müşahidəçilərin qənaətincə, 11 sentyabrdan əvvəlki dünyada ABŞ demokratiya nöqsanları məsələsində digər ölkələrdə olduğu kimi, Azərbaycana daha artıq təzyiqlər edərdi.