İlham Əliyev Türkiyədəki sammitə getmədi

TDT Ankara sammiti
Şəklin alt yazısı, Prezident İlham Əliyev bu gün Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşündə iştirak etməyib.
Çap edildi
Oxuma vaxtı: 3 dəq

Prezident İlham Əliyev bu gün Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşündə iştirak etməyib.

Prezident Recep Tayyip Erdoğan açılış nitqində bildirib ki, "Türk dünyasının ailə fotosunda bölünməyə, nifaqa və ya münaqişəyə yer yoxdur. Hamımız birlikdə, əzəldən əbədiyyətə qardaşıq".

Azərbaycan Prezidenti İlham Əliyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşündə iştirak etməyəcəyi barədə ilk dəfə bir gün əvvəl, oktyabrın 29-da Azərbaycandakı hökumət yönümlü medialar yazıb.

Azərbaycan mediasının yaydığı məlumata görə, buna səbəb Prezidentin əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirakı və iş qrafikinin sıxlığıdır.

Oktyabrın 30-da İlham Əliyev Bakıda keçirilən FİFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. TDT sammitində Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan telefon danışığı zamanı İlham Əliyevi Ankaradakı sammitə dəvət etmişdi.

Prezidentin sammitdə iştirak etməməsi Azərbaycanla Türkiyə arasında hicab və məktəbli geyimi məsələsi ətrafında yaranmış fikir ayrılıqlarından sonra baş verir.

Bu, Bakı ilə Ankara arasında son illərin ən ciddi fikir ayrılığıdır.

Əliyev Ankaraya niyə getmədi? Yerli medianın şərhi:

İlham Əliyev və Erdoğan
Şəklin alt yazısı, Oktyabrın 21-də Prezident Erdoğan telefon danışığında Prezident Əliyevi Ankaradakı sammitə dəvət edib.
WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Azərbaycan mediası İlham Əliyevin Türkiyəyə getməmə qərarını Türkiyədə "üç ildir davam edən" və "misli görünməmiş" kimi təsvir edilən, Azərbaycana qarşı yönəlmiş kampaniyaya cavab kimi təqdim ediblər.

Yerli media yazır ki, bu kampaniyanın əsas hədəfi Bakının İsraillə sıx siyasi, iqtisadi və təhlükəsizlik əlaqələri olub; son həftələrdə isə tənqidçilərin "hicab qadağası" kimi qələmə verdiyi, əslində isə məktəbli forması ilə bağlı siyasətə görə bu gərginlik daha da artıb.

"Məsələ elə bir həddə çatdırıldı ki, Türkiyənin informasiya məkanında anti-Azərbaycan ritorikası milli trendə çevrildi. Hətta Ermənistanla 30 illik hərbi-siyasi qarşıdurma, işğal və müharibə dövründə belə Ermənistan mediasında Azərbaycana və onun rəhbərliyinə qarşı bu dərəcədə təhqir, böhtan və aşağılayıcı leksikondan istifadə edilməmişdi", Yeni Müsavat qəzeti yazıb.

Media orqanlarınin iddiasına görə, Bakıya qarşı hücumlar Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası (AKP) və onun islamçı müttəfiqləri tərəfindən təşkil olunub. Onların təbirincə, Azərbaycanın Türkiyəni həmişə "qardaş ölkə" kimi qəbul etdiyi bir şəraitdə belə bir "düşmənçilik" təəccüb doğurur.

"Bu gün Türkiyə cəmiyyətinin çox ciddi qütbləşmə problemi, daxili ziddiyyətlərlə üz-üzə qaldığını görürük. Hakimiyyət öz məqsədlərinə nail olmaq üçün radikal dindarlığa rəvac verir, dövlətin əsaslarını sarsıdacaq cərəyanlara imkanlar yaradır", APA agentliyi Əliyevin Türkiyəyə getməmə qərarı barədə təhlilində yazıb.

Həmçinin qeyd olunur ki, Ankaranın Azərbaycana qarşı yönələn tənqidlərə dərhal reaksiya verməməsi vəziyyətin daha da pisləşməsinə səbəb olub.

Bəzi məqalələrdə Əliyevin sammitdə iştirak etməməsi bərabərlik və qarşılıqlılıq prinsipinə əsaslanan "legitim diplomatik cavab" kimi təqdim edilir; xatırladılır ki, Türkiyə Prezidenti Erdoğan da əvvəllər Azərbaycanda keçirilən bir sıra mühüm tədbirlərdə iştirak etməyib.

Lakin Azərbaycan mediası yazır ki, mövcud böhran Bakının TDT-yə olan bağlılığına xələl gətirməyəcək. Onlar həmçinin vurğulayır ki, təşkilat fəaliyyətində yalnız ortaq tarixi köklərə və etnik qohumluğa deyil, həm də qarşılıqlı hörmətə və hər bir üzv dövlətin müstəqilliyinin qəbul edilməsinə əsaslanmalıdır.

Hökumətyönlü media nə yazır?

Azərbaycanın APA agentliyi Prezidentin Ankaraya getməməsini son həftələr Türkiyədə Azərbaycan hakimiyyətinə qarşı səslənən tənqidlərə baxaraq şərh edib.

APA yazır ki, rəsmi proqramla yanaşı, səfərin baş tutmamasına "daha geniş" kontekstdə də baxmaq mümkündür. Agentlik iddia edir ki, Türkiyədə son bir ayda Azərbaycana qarşı kampaniyanın güclənib.

Agentlik bunun əsas mövzuları sırasında Azərbaycanın İsraillə əməkdaşlığını və son həftələr məktəblərdə hicabla bağlı yaranmış mübahisəni göstərir.

APA Türkiyədəki bəzi islamçı və hakim AKP-yə yaxın çevrələri Azərbaycan əleyhinə kampaniya aparmaqda ittiham edir və rəsmi Ankaranın buna "gec reaksiya" verdiyini yazır.

Agentlik həmçinin Türkiyə cəmiyyətində Azərbaycanla bağlı "qeyri-sağlam münasibətin" formalaşdığını iddia edir.

Erdoğan "Şuşaya yox, matça getdi"

Təhlildə Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın əvvəllər Azərbaycanda keçirilən bəzi tədbirlərdə, o cümlədən 2024-cü ildə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi sammitində iştirak etmədiyi xatırladılır.

APA bu hissəyə"Diplomatiyada hər şey qarşılıqlıdır" başlığını verərək İlham Əliyevin Ankara sammitinə getməməsini "tamamilə düzgün qərar" adlandırır.

Agentlik eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərində "rasionallığın önə çıxdığını" yazır və bildirir ki, "dostluq, qardaşlıq davam etsə də, hər kəsin öz dövləti və öz marağı var".

Bununla belə, Prezidentin Ankaradakı sammitə Türkiyədə Azərbaycana qarşı səslənən tənqidlərə cavab olaraq getmədiyinə dair rəsmi açıqlama yoxdur. Azərbaycan mediasında yayılan rəsmi izah onun əvvəlcədən müəyyən edilmiş proqramı və iş qrafikidir.

Elə həmin gün İlham Əliyev Rəcəb Tayyib Erdogana Türkiyənin Respublika Günü münasibətilə göndərdiyi təbrikdə Azərbaycan və Türkiyəni "əsl dostluq və qardaşlıq tellərinin" bağladığını və münasibətlərin Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatdığını bildirib.

APA agentliyinin təhlilinin məzmununa çox yaxın təhlillər digər hökumətyönlü saytlarda da dərc olunub.