Türkiyəli şərhçi: İsrail və hicab müzakirələri daha dərin problemlərin əlamətidir

Türkiyəli şəhrçi Aydın Sezer
    • Müəllif, Səadət Akifqızı
    • Vəzifə, BBC News Azərbaycanca
  • Çap edildi
  • Oxuma vaxtı: 3 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Türkiyəli siyasi şərhçi Aydın Sezer BBC Azərbaycancaya müsahibəsində Ankara ilə Bakı arasında son dövrdə yaranan gərginliyin görünəndən daha dərin səbəbləri olduğunu bildirib.

Onun fikrincə, İsrail, hicab və Kipr məsələləri münasibətlərdəki narazılıqların üzə çıxan tərəfidir, əsas səbəblər isə daha mürəkkəb siyasi və iqtisadi amillərlə bağlıdır.

Video açılmırsa, Youtube kanalımızda baxın.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

Paylaşımın sonu YouTube

Münasibətlərdə "böhran yeni deyil"

Aydın Sezer hesab edir ki, Azərbaycan və Türkiyə arasında ilk dəfə fikir ayrılığı yaşanmır. Onun sözlərinə görə, iki ölkənin münasibətlərində keçmişdə də müxtəlif böhranlar və narazılıqlar olub.

Siyasi şərhçi bildirir ki, mövcud gərginliyi "tarixi istisna" kimi qiymətləndirmək düzgün olmaz. Onun fikrincə, yaxınlıq və strateji tərəfdaşlıq problemlərin olmayacağı anlamına gəlmir.

Aydın Sezer yada salır ki:

  • 2008-2009-cu illərdə Türkiyə-Ermənistan protokolları zamanı da böhran yaşanıb;
  • Heydər Əliyev dövründə də münasibətlərdə çətin məqamlar olub;
  • Türkiyə və Azərbaycanın xarici siyasət yanaşmaları həmişə tam üst-üstə düşməyib.

İsrail, hicab və Kipr "son gərginliyin görünən səbəbləridir"

Sezerin fikrincə, Türkiyənin hakimiyyətə yaxın dairələri Azərbaycanın bəzi addımlarını tənqid edir, Bakı isə bunu daxili işlərinə müdaxilə kimi qiymətləndirir.

O hesab edir ki, bu məsələlər ətrafında yaranan mübahisə əslində daha geniş fikir ayrılıqlarının təzahürüdür:

  • Azərbaycanın İsraillə münasibətləri Türkiyədə narazılıq yaradan mövzulardan biridir;
  • Azərbaycanda hicabla bağlı siyasət bəzi siyasi və dini dairələrin etirazına səbəb olur;
  • Kiprlə bağlı diplomatik təmaslar Türkiyə ictimaiyyətində müzakirələr doğurub.

Türkiyə və Azərbaycan "fərqli siyasi ənənələrdən gəlir"

Müsahibəsində Sezer iki ölkənin yalnız taktiki deyil, həm də siyasi düşüncə baxımından fərqli olduğunu vurğulayır.

O hesab edir ki, Prezident İlham Əliyevin siyasi məktəbi daha çox sovet və rus diplomatik ənənəsinə əsaslanır və praqmatik xarakter daşıyır. Türkiyə hakimiyyətinin yanaşmasını isə daha emosional və ideoloji hesab edir.

"Türkiyə tərəfi daha emosional yanaşır. Problemin əsas nöqtələrindən biri də budur", - o deyir.

Onun arqumentləri belədir:

  • Türkiyə xarici siyasətində ideoloji komponent daha güclüdür.
  • Azərbaycanda qərarlar daha praqmatik məntiqlə verilir.
  • Eyni hadisəyə iki paytaxt fərqli baxışla yanaşa bilir.

Sezərin sözlərinə görə, bu fərq bir çox mübahisələrin kökündə dayanır.

"Azərbaycan Türkiyənin ona hökm etməyə çalışdığını düşünür. Azərbaycan Türkiyənin Azərbaycanı idarə etməyə çalışdığını düşünür və müstəqil ölkə refleksi göstərir", - siyasi şərhçi deyir.

"İqtisadi gözləntilər" mövzusu da müzakirələrin bir hissəsidir

Müsahibədə Azərbaycanın Türkiyəyə yatırımları və Türkiyənin iqtisadi vəziyyəti ayrıca müzakirə olunur.

Sezər Türkiyə iqtisadiyyatının ciddi çətinliklər yaşadığını deyir və bu şəraitdə bəzi çevrələrin Azərbaycanı daha çox investisiya qoymağa çağırdığını bildirir.

Onun fikrincə:

  • Bənzər gözləntilər yalnız Azərbaycana yox, Körfəz ölkələrinə qarşı da mövcuddur.
  • Türkiyədə Azərbaycanın enerji resurslarına malik ölkə kimi qəbul edilməsi bu gözləntiləri artırır.

"Türkiyədə bəzi dairələr Azərbaycanın neft və qazla zəngin ölkə kimi Türkiyəyə daha çox pul yatırmasını gözləyirlər. Bunu yalnız Azərbaycandan gözləmirlər", - Sezer qeyd edir.

Qarabağ dəstəyi və investisiyalar "siyasi borc yaratmamalıdır"

Müsahibədə Türkiyənin Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək və Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırımlarına toxunan Aydın Sezer hesab edir ki, bu məsələlər qarşılıqlı öhdəlik və ya hesablaşma predmetinə çevrilməməlidir.

Onun sözlərinə görə:

  • Türkiyə Qarabağ məsələsində öz siyasi qərarlarını verib.
  • Azərbaycanın Türkiyəyə yatırımları da öz maraqları çərçivəsində həyata keçirilib.
  • Tərəflərin bir-birindən əlavə siyasi güzəşt gözləməsi doğru deyil.

"Heç kim heç kimə minnətdar olmamalıdır. Türkiyənin Qarabağ məsələsində atdığı addımlar öz iradəsi ilə atılmış addımlardır", - Sezer bildirib.

Azərbaycan və Türkiyə bir-birinin "daxili siyasətinə müdaxilə ittihamları ilə üzləşir"

Sezer müsahibədə yalnız Türkiyənin Azərbaycana münasibətini deyil, Azərbaycana yaxın çevrələrin Türkiyə siyasətində fəaliyyətini də müzakirə edir.

"Türkiyədəki Azərbaycan lobbiləri də Türkiyənin daxili siyasətinə faktiki olaraq müdaxilə edir. Bunu AKP-yə yaxın olmayan birisi kimi çox açıq deyirəm,"- deyə Sezer əlavə edir ki, Türkiyədə bəzi müxalif dairələr bundan narahat olurdu.

Ermənistanla münasibətlər məsələsində tərəflər arasında "tam ziddiyyət yoxdur"

Sezer hesab edir ki, Türkiyə Ermənistan siyasətini əhəmiyyətli dərəcədə Azərbaycanı nəzərə alaraq formalaşdırır.

Onun fikrincə:

  • Ankara Azərbaycanın maraqlarını nəzərə almadan addım atmır.
  • Türkiyə-Ermənistan sərhədi açılmayıb.
  • Regionda Rusiyanın təsirinin zəiflədiyi dövrdə Türkiyənin rolunun artması həm Ermənistan, həm də Azərbaycan üçün əhəmiyyətlidir.

Münasibətlər əvvəlki səviyyəyə "qayıtmaya bilər"

Sezer hesab edir ki, son gərginlik münasibətlərdə ciddi iz buraxıb və mövcud liderlər dövründə əvvəlki atmosferin bərpası çətin görünür.

"Əliyev və Erdoğan hakimiyyətdə qaldığı müddətcə iki ölkə arasındakı münasibətlər və iki lider arasındakı münasibətlər əvvəlki səviyyəsinə qayıtmayacaq", - o deyir.

Bununla yanaşı, o, bu qiymətləndirməni liderlərarası münasibətlərə aid edir və xalqlar arasındakı yaxınlığın davam etdiyini vurğulayır.