Azərbaycan və Türkiyənin müzakirə etdiyi yeni enerji layihələrinin regiona təsiri nə olacaq?

Türkiyənin energetika naziri Alparslan Bayraktar və azərbaycanlı həmkarı Pərviz Şahbazov sentyabrın 11-də Bakıda V Türkiyə-Azərbaycan Enerji Forumu çərçivəsində görüşüb.

Şəklin mənbəyi, Resul Rehimov/Anadolu via Getty Images

Şəklin alt yazısı, Türkiyənin energetika naziri Alparslan Bayraktar və azərbaycanlı həmkarı Pərviz Şahbazov sentyabrın 11-də Bakıda V Türkiyə-Azərbaycan Enerji Forumu çərçivəsində görüşüb.
Çap edildi
Oxuma vaxtı: 5 dəq

Türkiyə və Azərbaycan son 30 ildə neft və təbii qaz sahəsində formalaşdırdıqları əməkdaşlığı indi elektrik enerjisinə yönəlmiş layihələrlə gücləndirməyə çalışırlar.

Ən mühüm layihə Mərkəzi Asiya və Xəzər regionunda istehsal olunan bərpaolunan enerjinin Türkiyə və Qara dəniz vasitəsilə elektrik enerjisi şəklində Avropaya çatdırılmasıdır.

Aİ-nin dəstəklədiyi bu layihə vasitəsilə Avropa ölkələrinin Rusiya təbii qazından asılılığının azaldılması nəzərdə tutulur.

Türkiyə ilə Azərbaycan arasında 1990-cı illərin əvvəllərindən etibarən, inkişaf etdirilən enerji əməkdaşlığı transformasiya mərhələsinə daxil olub.

Dünyanın önəmli neft və təbii qaz istehsalçıları arasında yer alan Azərbaycan yeraltı sərvətlərini Türkiyə ərazisindən keçən boru kəmərləri vasitəsilə dünya bazarlarına çatdırır.

Bu əməkdaşlıq çərçivəsində 2006-cı ildən fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft kəməri gündə orta hesabla 600 min barel Azərbaycan neftini nəql edir.

Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri isə həm Türkiyənin daxili istehlakı üçün zəruri olan təbii qazı daşıyır, həm də Avropaya 10 milyard kubmetr qaz nəql edən Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) əsasını təşkil edir.

Türkiyə, eyni zamanda, Azərbaycan təbii qazını Yunanıstan, Albaniya və İtaliyaya daşıyan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsində də Bakı ilə əməkdaşlığını davam etdirir.

Azərbaycan Avropada 13 ölkəyə təbii qaz satır və qitəyə boru kəmərləri ilə nəql olunan təbii qazın 8 faizini təmin edir.

Mövcud boru kəmərlərinə investisiyaların qoyulması və ötürmə gücünün artırılması ilə bu göstəricinin yüksəldilməsi nəzərdə tutulub.

Türkiyə də, xüsusilə Bakı-Tbilisi-Ceyhan kəmərinin gündəlik 1 milyon barel olan ötürmə gücündən tam istifadə edilməsini və Bakı-Tbilisi-Ərzurum kəmərinə daha çox təbii qaz vurulmasını istəyir.

Elektrik enerjisinə yönəlmiş yeni enerji əməkdaşlığı

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Türkiyə ilə Azərbaycan arasında son dövrdə aparılan danışıqlarda müzakirə olunan məsələlər elektrik enerjisinə yönəlmiş yeni əməkdaşlığa işarə edir.

Energetika naziri Alparslan Bayraktar və xarici işlər naziri Hakan Fidanın son bir həftə ərzində Azərbaycana etdikləri səfərlər zamanı da bu məsələ ön plana çıxıb.

Sentyabrın 11-də Bakıda keçirilən Türkiyə-Azərbaycan 5-ci Enerji Forumuna Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birlikdə sədrlik edən Bayraktar "elektrik dövrü" adlandırdığı yeni mərhələdə Ankara-Bakı əməkdaşlığının da buna uyğun şəkildə transformasiya olunmalı olduğunu bildirib.

Fidan isə həm Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, həm də Prezident İlham Əliyevlə görüşündə yeni layihələrin gündəmə gəldiyini söyləyib.

Bayramov birgə mətbuat konfransında deyib: "Yeni, çox böyük perspektivə və böyük potensiala malik, qarşıdakı onillikləri əhatə edən layihələr var. Bunlar üzərində Türkiyə ilə Azərbaycan arasında çox koordinasiyalı şəkildə iş aparılır".

Azərbaycanlı nazirin bəhs etdiyi ən mühüm layihə Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə Avropaya uzanan yeni enerji kabelinin çəkilməsini nəzərdə tutur.

Azərbaycan Avropanın 13 ölkəsinə təbii qaz satır və boru kəmərləri vasitəsilə qitəyə nəql edilən təbii qazın 8 faizini təşkil edir.

Şəklin mənbəyi, Anadolu via Getty Images

Şəklin alt yazısı, Azərbaycan Avropanın 13 ölkəsinə təbii qaz satır və boru kəmərləri vasitəsilə qitəyə nəql edilən təbii qazın 8 faizini təşkil edir.

Yaşıl enerji dəhlizi

Dörd ölkəni əhatə edən və "yaşıl enerji dəhlizi" adlandırılan layihə, başda Azərbaycan və Orta Asiya ölkələri olmaqla, Xəzər hövzəsində külək və günəş enerjisindən əldə ediləcək elektrik enerjisinin kabellər vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur.

Azərbaycan Qazaxıstan və Özbəkistanla son dövrdə imzaladığı sazişlər sayəsində regionun alternativ enerji mənbələri ilə istehsal olunan elektrik enerjisinin ixracında yaxın illərdə kritik rol oynamağa hazırlaşır.

Aİ-nin bu məsələyə marağı və dəstəyi prosesin praktiki inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə çatdırılacaq yüksək gərginlikli elektrik enerjisinin Bolqarıstana, oradan isə daha sonra Avropa ölkələrinə nəqlini nəzərdə tutan layihə ilə bağlı sazişin oktyabrın sonunda Antalyada keçiriləcək COP31 İqlim Konfransı zamanı imzalanmasının planlaşdırıldığı bildirilir.

Layihənin ilk mərhələsində Türkiyənin Gürcüstan və Bolqarıstan arasında mövcud olan elektrik ötürmə şəbəkələri sistemlərindən istifadə etməsi, daha sonra isə bu xətlərin yüksək gərginlikli elektrik enerjisinin ötürülməsinə uyğun şəkildə yenilənməsi planlaşdırılır.

Xərclərin necə qarşılanacağı və digər təfərrüatların yekun saziş əldə olunduqdan sonra dəqiqləşəcəyi gözlənilir.

Qara dənizin dibi ilə elektrik enerjisinin ötürülməsi

Digər mühüm layihə Azərbaycanın Gürcüstan üzərindən və Qara dənizin dibi ilə çəkiləcək kabellər vasitəsilə Avropaya elektrik enerjisi ixracını nəzərdə tutur.

Azərbaycan 2022-ci ildə Gürcüstan, Rumıniya və Macarıstanla bu layihənin əsasını qoyan saziş imzalayıb.

Ankara ilə Bakı arasında son dövrdə aparılan danışıqlarda Türkiyənin də bu layihəyə qoşulması istiqamətində irəliləyiş əldə olunduğu bildirilir.

Aİ-nin Qlobal Keçid (Global Gateway) təşəbbüsünün bir hissəsi olan bu layihənin 2029-cu ildə başa çatdırılması gözlənilir. Layihəyə Avropa Komissiyası tərəfindən 2,3 milyard avro həcmində investisiya ayrılması da nəzərdə tutulur.

Uzunluğu 1200 kilometr olması planlaşdırılan kabel istifadəyə verildiyi təqdirdə dünyanın ən uzun dənizaltı enerji kabeli olacaq.

Aİ Asiyanı Mərkəzi Asiya və Xəzər regionu vasitəsilə Avropa ilə birləşdirəcək Orta Dəhliz layihəsinə böyük əhəmiyyət verir.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen sentyabrın 16-da "Birliyin Vəziyyəti" çıxışında Orta Dəhliz üçün 12 milyard avroluq investisiya planlaşdırdıqlarını bildirib.

Aİ Azərbaycanın vasitəçiliyi ilə Xəzər hövzəsinin enerji resurslarının Avropaya daha çox nəql edilməsini və bununla da Rusiyanın təbii qazından asılılığın tamamilə aradan qaldırılması nəzərdə tutulur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan (soldan ikinci) və Azərbaycan Prezidenti İlham Əliyev (sağdan ikinci) 25 sentyabr 2023-cü ildə Azərbaycanın Naxçıvan muxtar bölgəsində İğdır-Naxçıvan təbii qaz boru kəmərinin təməlqoyma mərasimində iştirak edirlər. Mərasimdə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak ediblər.

Şəklin mənbəyi, Anadolu via Getty Images

Qara dənizdə təhlükəsizlik riskləri

Layihənin qarşısındakı ən böyük maneə Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin Qara dənizi də əhatə edəcək şəkildə genişlənməsi və mülki, eləcə də ticarət gəmilərinin hədəfə alınmasıdır.

Qeyd olunur ki, sualtı kabelin Krımın cənubundan çəkilməsi mühüm risk yaradır.

Türkiyə uzun müddətdir ki, Rusiya və Ukraynanı Qara dənizdə moratorium tətbiq etməyə çağırır və tərəflərdən bölgədə sabitliyi, iqtisadi fəaliyyəti və nəqliyyat daşımalarını poza biləcək addımlardan çəkinməyi istəyir.

Xarici işlər naziri Fidanın bu istiqamətdə son çağırışını sentyabrın 15-də Bakıda səsləndirməsi diqqət çəkən məqamlardan biri olub.

Son aylarda Qara dənizdə mülki gəmilərə qarşı hücumların artmasının insan həyatı, əmlak, gəmiçilik və ətraf mühitin təhlükəsizliyinə ciddi zərər vurduğunu bildirən Fidan deyib:

"Müharibənin Qara dənizə də yayılması və vətəndaşlarımızın həyatını, şirkətlərimizin fəaliyyətini təhdid etməsi qəbul edilə biləcək vəziyyət deyil".

Fidan bildirib ki, Türkiyə bu məsələ ilə bağlı mesajlarını hər iki tərəfə çatdırıb.

Ankara Kiyev və Moskvanı Qara dənizdə hücumları dayandırmağa və yeni taxıl dəhlizi təşəbbüsünə başlamağa çağırsa da, bu məsələdə Rusiyadan müsbət cavab ala bilməyib.

Naxçıvandan Türkiyəyə elektrik enerji ötürücü sistemi

Türkiyə və Azərbaycanın üzərində işlədiyi digər layihələrdən biri Naxçıvan-Türkiyə Elektrik Ötürmə xəttidir.

Bu, Azərbaycanın Ermənistanla 2025-ci ilin avqustunda Vaşinqtonda əldə etdiyi razılaşma çərçivəsində coğrafi baxımdan birbaşa əlaqəsi olmayan Naxçıvan Muxtar Respublikasına uzanacaq nəqliyyat və enerji xətti layihəsinin davamı kimi qiymətləndirilir.

Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan və Zəngəzur dəhlizi kimi də tanınan "Tramp Beynəlxalq Sülh və Rifah Yolu" Azərbaycanla Naxçıvanı Ermənistan ərazisindən keçməklə birləşdirən mühüm regional əlaqə layihəsi hesab olunur.

Azərbaycanın bu xətt vasitəsilə Naxçıvana göndərəcəyi elektrik enerjisinin Muxtar Respublika ilə Türkiyə arasında yeni xətlər çəkildikdən sonra Türkiyə bazarına da ötürülməsi planlaşdırılır.

Azərbaycan öz ərazisində infrastruktur işlərinə başlayıb.

Lakin TRIPP layihəsinin həyata keçirilməsi üçün texniki işlərin hələ də davam etdiyi bildirilir.

Türkiyə Naxçıvan və TRIPP vasitəsilə birbaşa Azərbaycanla əlaqə qurmağı və bununla da Mərkəzi Asiya ilə Orta Dəhliz arasında əlaqənin tamamlanmasını mühüm strateji addım kimi qiymətləndirir.

Bu marşrut tam fəaliyyətə başlayandan sonra Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında daha geniş əməkdaşlığın formalaşacağı da gözlənilir.

Türkiyənin oktyabrın 29-30-da ev sahibliyi edəcəyi TDT Zirvəsinin əsas müzakirə mövzularından biri də əlaqələrin konkret layihələr vasitəsilə gücləndirilməsidir.