Çin: Putin, Trump və Si Cinpin görüşündən nə gözlənilir?

Putin, Trump və Si Cinp
Çap edildi
Oxuma vaxtı: 3 dəq

ABŞ Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putin Çindədirlər.

Onlar Çin lideri Si Cinpin (Xi Jinping) ilə birgə Şençen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü zirvə toplantısında iştirak edirlər.

Eyni zamanda ABŞ, Çin və Rusiya liderlərinin arasında üçlükdə görüş də gözlənir.

BBC təhlilçilərinə görə, bu görüşdən bir çox siyasi mesajlar və qarşıdakı münasibətlərin istiqaməti barədə siqnallar gözlənilir.

Liderlər arasında ikitərəfli və üçtərəfli görüşlərdə hansı məsələlər müzakirə edilə bilər?

BBC Azərbaycanca əsas mövzuları xatırladır.

Ukrayna, İran və Avropanın narahatlığı

Rəsmi Pekin bildirir ki, üç lider "qlobal sülh" məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.

Bunun nələri əhatə etdiyi açıqlanmasa da, Ukrayna müharibəsi, İran ətrafındakı böhran və nüvə silahlarının azaldılması əsas mövzular olması mümkündür.

Bununla belə, ekspertlər Ukrayna məsələsində ciddi dönüş gözləmirlər: maraqların toqquşması və Ukraynanın danışıqlar masasında olmaması irəliləyiş ehtimalını azaldır.

Hətta bəzi ABŞ rəsmilərinin sözlərinə görə, Trump-ın bu mövzunu liderlərlə əsas müzakirə məsələsinə çevirməyəcəyi gözlənilir.

Avropada isə görüş müəyyən narahatlıq doğurur.

Bəzi siyasətçilər və analitiklər bunu 1945-ci ildəki Yalta Konfransı ilə müqayisə edirlər.

Volodimir Zelenski daha əvvəl "Yalta 2, 3 və ya 4" ssenarisindən çəkinməyə çağıraraq, Ukrayna ilə bağlı qərarların Kiyevin iştirakı olmadan verilməsinə etiraz edib.

Hələlik gözlənti böyük razılaşmalardan çox, dünyanın üç ən nüfuzlu liderinin hansı mövzulara üstünlük verəcəyini və qarşılıqlı münasibətlərdə hansı siqnalları verəcəyini görməkdir.

Putin və Trump-ın bir neçə dəfə ayrıca görüşəcəyi gözlənilir

Şencendə əsas diqqət üçtərəfli görüşə yönəlsə də, BBC-nin məlumatına görə, sammit çərçivəsində Vladimir Putin və Trump arasında ayrıca təmasların da baş tutacağı gözlənilir.

Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Rusiya dövlət televiziyasına bildirib ki, iki lider ilk dəfə sammit çərçivəsində keçiriləcək qala şam yeməyində görüşə bilər.

Onun sözlərinə görə, Putin və Trump-ın ertəsi gün APEC sammitinin plenar iclasında, həmçinin tədbirdən dərhal sonra da görüşəcəyi gözlənilir.

Uşakov bildirib ki, liderlərin "məzmunlu söhbət" aparacağına şübhə yoxdur və onların sammit ərzində bir neçə dəfə bir araya gəlməsi nəzərdə tutulur.

Kremlin nümayəndəsi həmçinin görüşlərdən ən azı birinin böyük nümayəndə heyətlərinin iştirakı olmadan, sammitin kuluarlarında keçirilə biləcəyinə işarə edib.

Ticarət, texnologiya və Tayvan əsas gündəm mövzularıdır

WhatsApp reklamı-ı bağlayın və oxumağa davam edin
BBC News Azarbaycancanin Whatsapp kanalina qosulun
WhatsApp kanalımızı izləyin

BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.

Buradan izləyin

WhatsApp reklamı-ın sonu

Görüşün mərkəzində ABŞ-Çin ticarət münasibətləri dayanır.

Trump administrasiyasının tətbiq etdiyi tariflər qlobal ticarət münasibətlərini dəyişdirib, Pekin isə buna nadir torpaq elementləri kimi strateji məhsulların ixracını məhdudlaşdırmaqla cavab verib. Hazırkı ticarət atəşkəsi gələn ilin əvvəlində başa çatmalıdır.

Bundan başqa, süni intellekt və yarımkeçirici çiplər sahəsində rəqabət də müzakirələrin əsas mövzularından biri olacaq.

ABŞ bu həftə Cənub-Şərqi Asiya ölkələri vasitəsilə Çin şirkətlərinin qabaqcıl Amerika çiplərinə çıxışına yeni məhdudiyyətlər tətbiq edib. Pekin isə bunu "iqtisadi təzyiq" kimi qiymətləndirir.

BBC-nin biznes müxbiri Osmond Chia yazır ki, ekspertlər münasibətlərdə böyük irəliləyiş gözləməsələr də, hər iki tərəf kövrək ticarət barışığını qorumağa çalışacaq. Onun istinad etdiyi Peterson Institute for International Economics-un eksperti Yeling Tan hesab edir ki, Pekinin əsas məqsədlərindən biri son qalmaqalların ABŞ-Çin münasibətlərini sarsıtmadığını nümayiş etdirməkdir.

Bununla yanaşı, Tayvan məsələsi də əsas mövzularından biri olaraq qalır. APEC-in üzvü olan Tayvan sammitdə iştirak hüququnun "bərabər əsaslarla" tanınmasını tələb edir, Pekin isə bunu "vahid Çin" prinsipi çərçivəsində görür.

Çin görüşü nəzarətdə saxlamaq və APEC-i kölgədə qoymamaq istəyir

BBC Chinese-in məlumatına görə, üçtərəfli görüşün Şencendəki Kylin Villa kompleksində keçirilməsi planlaşdırılır.

Ekspertlər hesab edirlər ki, Pekinin rəsmi konfrans zalı əvəzinə daha qapalı məkanı seçməsi təsadüfi deyil.

DePaul University-dən sammit diplomatiyası üzrə mütəxəssis Minseon Ku BBC-yə bildirib ki, Çin görüşü ayrıca böyük sammit kimi deyil, APEC çərçivəsində keçirilən yan tədbir kimi təqdim etməyə çalışır.

Onun fikrincə, Pekin APEC-in əsas hadisə olaraq qalmasını və üçtərəfli görüşün sammiti kölgədə qoymamasını istəyir.

BBC-nin Çin müxbiri Laura Bicker isə qeyd edir ki, Xi Jinping-in hava limanında şəxsən Trump-ı qarşılaması "diqqətlə hazırlanmış diplomatik jest" idi.

Müxbirin yazdığına görə, Çin lideri bununla həm Trump-a ehtiram göstərib, həm də ticarət, texnologiya və Tayvanla bağlı danışıqlar üçün daha müsbət atmosfer yaratmağa çalışıb.

Eyni zamanda, Pekin sammitin məkanını, formatını və təşkilini nəzarətdə saxlayaraq prosesin sahibi olduğunu nümayiş etdirir.