Əcdadlarımız dodaq-dodağa öpüşməyə nə vaxt başladı?

Şəklin mənbəyi, Getty Images
- Müəllif, Victoria Gill
- Vəzifə, BBC News elmi məsələlər üzrə müxbir
- Çap edildi
- Oxuma vaxtı: 3 dəq
İnsanlar, meymunlar, hətta qütb ayıları… Tədqiqatçılar öpüşmə davranışının müxtəlif növlərin əcdadlarında izləri tapılan təkamül mənşəyi haqqında yeni nəticələr əldə ediblər.
Alimlər ağız-ağıza öpüşmənin 21 milyon ildən daha əvvəl təkamülləşdiyini və insanların, həmçinin meymunların ortaq əcdadlarının bu davranışı xoşladığını irəli sürürlər.
Eyni araşdırma Neandertalların da öpüşmüş ola biləcəyini, hətta insanlar və neandertalların bir-birlərini öpmüş ola biləcəyini göstərir.
Alimlər öpüşmənin təkamül tapmacası olaraq qaldığını bilərək tədqiqatlarını davam etdirdilər.
Bu hərəkətin yaşamaq və ya çoxalmaq baxımından heç bir faydası yoxdur, lakin onun izlərinə yalnız bir çox insan cəmiyyətlərində deyil, həm də heyvanlar aləmində rast gəlmək olar.

Şəklin mənbəyi, Getty Images
Başqa heyvanların da öpüşdüyünə dair sübutlar tapan alimlər öpüşmənin nə vaxt təkamül etmiş ola biləcəyinə dair "təkamül soy ağacı" qura biliblər.
Fərqli növlərdə eyni davranışı müqayisə etdiklərinə əmin olmaq üçün tədqiqatçılar "öpüşmə"yə romantik olmayan və dəqiq bir tərif verməli olublar.
Evolution and Human Behaviour (Təkamül və İnsan Davranışı) adlı elmi jurnalda dərc olunan məqalədə öpüşmə davranışı aqressiv olmayan ağızdan-ağıza təmas kimi təsvir edilir və "dodaq və ya ağız hərəkəti tələb etdiyi, lakin qida paylaşımı olmadığı" xüsusi olaraq vurğulanır.
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Araşdırmaya rəhbərlik edən Oksford Universitetindən təkamül biologu Dr. Matilda Brindle deyir:
"İnsanlar, şimpanzelər və bonoboların hamısı öpüşür". O, belə bir nəticəyə gəlib:
"Bu növlərin ən yaxın ortaq əcdadları da öpüşürdü. Öpüşmənin, yəqin ki, 21,5 milyon il əvvəl böyük meymunlarda təkamülləşdiyini düşünürük".
Tədqiqat zamanı alimlər canavarlarda, çöl itlərində, qütb ayılarında (çox səliqəsiz olsa da) və hətta albatroslarda bu elmi öpüşmə tərifinə uyğun davranışlar aşkarlayıblar.
İnsan öpüşünün mənşəyini müəyyən etmək üçün primatlara, xüsusilə də meymunlara diqqət yetirilib.
Eyni araşdırma təxminən 40 min il əvvəl yox olan ən yaxın qədim insan qohumlarımız neandertalların da öpüşdüyü nəticəsinə gəlir.
Neandertal DNT-si ilə bağlı əvvəlki araşdırmalar göstərib ki, müasir insanlar və neandertallar tüpürcəyimizdə olan müəyyən növ ağız mikroblarını paylaşırlar.
Dr. Brindle belə deyir:
"Bu o deməkdir ki, iki növ ayrıldıqdan sonra da yüz minlərlə il ərzində tüpürcəklərini bir-birləri ilə dəyişmiş ola bilərlər".

Şəklin mənbəyi, Getty Images
Bu araşdırma öpüşmənin nə vaxt təkamül etdiyini müəyyən etsə də, nə üçün sualına cavab verə bilmir.
Meymun əcdadlarımızdakı baxım (tımar) davranışından qaynaqlana biləcəyi və ya bir partnerin sağlamlığını, hətta uyğunluğunu qiymətləndirmək üçün səmimi bir yol ola biləcəyi kimi bir sıra nəzəriyyələr mövcuddur.
Dr. Brindle ümid edir ki, bu araşdırma "Niyə?" sualını cavablandırmaq üçün də bir qapı açacaq:
"Bu davranışın insan olmayan əcdadlarımızla paylaşdığımız bir şey olduğunu anlamamız bizim üçün vacibdir.
Bu davranışı araşdırmalıyıq; sadəcə insanlar arasında romantik bir kontekst olduğuna görə onu axmaqlıq kimi qəbul etməməliyik".



























