Azərbaycan Avropa İttifaqı üçün "dəyərli enerji tərəfdaşıdır"
Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas mayın 5-də Azərbaycanda olarkən insan haqları üzrə dialoqun rəsmi Bakı ilə qurulan fəaliyyətin ayrılmaz hissəsi olduğunu qeyd edib, qurumun Bakıdakı nümayəndəliyi bildirib.
Nümayəndəlik xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndə Kaja Kallasa istinadla Facebook sosial media səhifəsində yazıb ki, sitat – "Əlbəttə ki, insan hüquqları üzrə açıq və səmimi dialoq bizim fəaliyyətimizin ayrılmaz hissəsi olaraq qalır", - sitatın sonu.
Lakin avropalı diplomat özünün X sosial media hesabında Azərbaycana səfəri ilə bağlı yazdığı açıqlamada insan haqları ilə bağlı hissəni qeyd etməyib.
Ali nümayəndə yalnız onu yazıb ki, Azərbaycanda keçirdiyi görüşlərdə əsasən enerji, ticarət, nəqliyyat və rəqəmsal sahədə əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Kaja Kallas Bakıda İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Kaja Kallas X sosial media hesabındakı açıqlamasında Azərbaycanı Avropa İttifaqının "dəyərli və etibarlı enerji tərəfdaşı" adlandırıb.
Onlar Ermənistan və Azərbaycan arasında sülh prosesi, etimad quruculuğu və minatəmizləmə məsələlərinə də toxunub, president.az saytı yazıb.
Kallasın səfəri İlham Əliyevin Avropa Parlamenti və Avropa Şurası Parlament Assamblyeasını tənqid etməsindən bir gün sonra baş tutub.
İlham Əliyev deyib ki, Avropa İttifaqının bu institutları Ermənistan və Azərbaycan arasında sülhü dəstəkləmək əvəzinə onu sabotaj edir.



