Mahnı oxumaq sağlamlığımıza necə təsir edə bilər?

    • Müəllif, David Cox
  • Oxuma vaxtı: 6 dəq

Tək başına mahnı oxumaqdansa, qrup halında oxumaq daha faydalı ola bilər.

Xüsusilə Avropada Milad bayramı zamanı ticarət mərkəzlərini, qatar stansiyalarını, qocalar evlərini və küçələri şən mahnılarla dolduran insanlar, fərqində olsalar da, olmasalar da, eyni zamanda öz sağlamlıqlarını da dəstəkləyirlər.

Mahnı oxumağın, xüsusilə birlikdə edildikdə çox müxtəlif faydalar verdiyi ortaya çıxıb.

Bunların arasında beyni və ürəyi qorumaq da var.

Bundan əlavə, insanları bir–birinə yaxınlaşdıra, bədənimizi xəstəliklərlə mübarizəyə hazırlaya və hətta ağrını azalda bilər.

Elə isə səsinizi yaxşı bir məqsəd üçün yüksəltmək ağıllı bir fikir ola bilərmi?

Cambridge Musiqi Terapiyası Tədqiqat İnstitutunda uşaqların və böyüklərin beyin zədələrinin sağalmasına musiqinin necə kömək edə biləcəyini araşdıran tədqiqatçı Aleks Strit belə deyir:

"Mahnı oxumaq idrakı, fiziki, emosional və sosial bir fəaliyyət növüdür".

Psixoloqlar uzun müddətdir birlikdə mahnı oxuyan insanların necə güclü sosial bağlılıq hissi inkişaf etdirdiklərinə heyran olurlar; hətta ən istəksiz vokalistlər belə bir mahnıda birləşə bilirlər.

Araşdırmalar göstərir ki, bir-birini heç tanımayan insanlar cəmi bir saat birlikdə mahnı oxuduqdan sonra güclü bağlar qura bilirlər.

Təbii olaraq, mahnı oxumağın ağciyərlər və tənəffüs sistemi üçün də faydaları var.

Məsələn, bəzi tədqiqatçılar ağciyər xəstəliyi olan insanların vəziyyətini mahnı oxumaqla yaxşılaşdırmağa çalışırlar.

Xoşbəxt anlar

Mahnı oxumağın ölçülə bilən başqa fiziki təsirləri də var.

İnsanların ürək döyüntüsü sürətini və qan təzyiqini yaxşılaşdırdığı ortaya çıxıb.

Hətta qrup şəklində və ya xorda mahnı oxumağın, təkcə eyni musiqiyə qulaq asmağın edə bilməyəcəyi bir şəkildə immunitet sistemimizi gücləndirdiyi müəyyən edilib.

Bunun müxtəlif səbəbləri var.

Bioloji cəhətdən baxıldığında, mahnı oxumağın birbaşa səs tellərinə və boğazın arxa hissəsindəki əzələlərə bağlı olan vagus sinirini aktivləşdirdiyi düşünülür.

Mahnı oxuyarkən uzunmüddətli və nəzarətli nəfəs vermək eyni zamanda endorfin ifrazını artırır. Bu hormon isə sevinc, sağlamlıq və ağrıya nəzarət ilə əlaqələndirilir.

Mahnı oxumaq həmçinin beynimizin hər iki tərəfində geniş neyron şəbəkəsini işə salaraq dil, hərəkət və emosiyalarla bağlı sahələri aktivləşdirir.

Bu proses, mahnı oxumaq üçün zəruri olan nəfəsə diqqət yetirməklə birləşdiyində stresi azaldır.

Tədqiqatçı Aleks Strit deyir:

"İnsanların özlərini yaxşı hiss etdiklərini səslərinin daha xoşagələn çıxmasından, üz ifadələrindən və duruşlarından görə bilirsiniz."

Bu faydaların arxasında dərin və qədim səbəblər ola bilər.

Bəzi antropoloqlar qədim hominid əcdadlarımızın danışmağa başlamazdan əvvəl mahnı oxuduqlarına, təbiətin səslərini təqlid etmək və ya duyğularını ifadə etmək üçün səslərindən istifadə etdiklərinə inanır.

Aleks Strit bunun mürəkkəb sosial dinamikanın, emosional ifadənin və ritual davranışların inkişafında mühüm rol oynamış ola biləcəyini və mahnı oxumağın - musiqiyə yatkın olsun ya da olmasın - hər bir insanın həyatının bir hissəsi olmasının təsadüf olmadığını vurğulayır.

O, beyinlərimizin və bədənlərimizin doğuşdan mahnıya müsbət reaksiya verəcək şəkildə "qurulduğunu" bildirir:

"Uşaqlara laylalar oxunur, dəfn mərasimlərində mahnılar səsləndirilir.

Vurma cədvəlini mahnı şəklində, əlifbanı isə ritmik və melodik quruluş sayəsində öyrənirik".

Bir araya gəlmək

Lakin bütün mahnı növləri eyni dərəcədə faydalı deyil.

Məsələn, bir qrupun və ya xorun tərkibində mahnı oxumağın, təkbaşına mahnı oxumaqla müqayisədə insanın ruhi sağlamlığına daha müsbət təsir göstərdiyi müəyyən edilib.

Bu səbəbdən təhsil tədqiqatçıları mahnı oxumağı uşaqlarda əməkdaşlığı, dil inkişafını və emosional tənzimləməni təşviq edən bir vasitə kimi istifadə edirlər.

Mahnı oxumağın bəlkə də ən diqqətəlayiq faydası beyin zədələrinin sağalmasına kömək etməsidir.

Həkimlər də müxtəlif sağlamlıq problemləri yaşayan insanların həyat keyfiyyətini artırmaq üçün mahnı oxumağı tövsiyə edirlər.

Dünyanın müxtəlif yerlərində tədqiqatçılar xərçəng və insult keçirmiş şəxslərin, Parkinson xəstəliyi və demensiya ilə yaşayanların, həmçinin onların baxıcılarının iştirak etdiyi xorların təsirini araşdırıblar.

Məsələn, mahnı oxumaq xəstəliyin irəliləməsi ilə çətinləşən ifadə qabiliyyətini Parkinson xəstələrində yaxşılaşdırır.

Mahnı oxumaq həm də ümumi sağlamlığı yaxşılaşdırmağın bir yoludur.

Southampton Universitetində tənəffüs fizioterapiyası üzrə dosent Adam Lewis deyir:

"Mahnı oxumaq fiziki fəaliyyətdir və idmana bənzər faydalar verə bilər".

Hətta bir araşdırma göstərib ki, təlim görmüş müğənnilər tərəfindən səsin tonunu və ritmini inkişaf etdirmək üçün istifadə edilən müxtəlif vokal məşqləri ilə birlikdə mahnı oxumaq, ürək və ağciyərlər üçün qaçış trenajorunda orta tempdə yürüməyə bənzər bir məşqdir.

Tədqiqatçılar xor fəaliyyətində iştirak etməyin uzunmüddətli xroniki xəstəliklərlə yaşayanların ruhi sağlamlığına müsbət təsirlərinə də diqqət çəkirlər.

Aleks Strit deyir ki, mahnı oxumaq bu insanların edə bilmədiklərindən çox edə bildiklərinə fokuslanmalarına imkan yaradır:

"Birdən-birə otağa bərabərlik gətirir. Və bunu bacaran başqa çox az şey var".

Aldığınız hər nəfəs

Mahnı oxumaqdan ən çox fayda görənlər arasında xroniki tənəffüs xəstəlikləri olanlar da var.

Bu mövzu Imperial College London-da tənəffüs sağlamlığı üzrə klinik müəllim olan Keir Filip üçün mühüm bir araşdırma sahəsidir.

Filip xəbərdarlıq edir ki, mahnı oxumaq insanları bu xəstəliklərdən tam şəkildə xilas etməsə də, ənənəvi müalicələri tamamlayan effektiv və holistik bir yanaşma kimi xidmət edə bilər:

"Bəzi insanlar üçün nəfəs darlığı ilə yaşamaq, nəfəs alma şəkillərini dəyişdirərək nəfəsin nizamsız və səmərəsiz olmasına səbəb ola bilər.

Mahnı oxumağa əsaslanan bəzi yanaşmalar isə işlədilən əzələlər, ritmik və güclü nəfəs alma sayəsində simptomları yaxşılaşdırmağa kömək edə bilər".

O, Britaniya Milli Operasında peşəkar müğənnilərlə işləyərək hazırladığı bir nəfəs proqramını covid xəstələri üçün nəzarətli bir araşdırmaya daxil edib.

Altı həftənin sonunda xəstələrin yaşam keyfiyyətlərinin artdığı və tənəffüs çətinliklərinin yüngülləşdiyi müşahidə olunub.

Mahnı oxumaq beyin üçün faydalı olduğu kimi, tənəffüs sistemi üçün də faydalıdır

Mahnı oxumaq, həmçinin əsas sağlamlıq problemləri olan insanlar üçün risklər yarada bilər.

Qrup halında mahnı oxuma zamanı havaya çoxlu miqdarda virus yayıla bildiyi üçün Covid-19 pandemiyasının ilk dövrlərində virusun sürətlə yayılması ilə əlaqələndirilmişdi.

Filip deyir: "Əgər tənəffüs yolu infeksiyanız varsa, başqalarını riskə atmamaq üçün həmin həftə xor məşqinə qatılmamaq ən yaxşısıdır".

Mahnı oxumağın bəlkə də ən diqqətəlayiq faydası - beynin öz zədəsini sağaltmasına kömək etməsidir

Bu hal, 2011-ci ildə sui-qəsd cəhdi zamanı başından güllə yarası alsa da sağ qalan keçmiş ABŞ Konqres üzvü Gabriel Giffordsun hekayəsində açıq şəkildə görünür.

Giffords uzun illər boyunca yenidən yeriməyi, danışmağı, oxumağı və yazmağı öyrəndi.

Terapevtlər ona şifahi axıcılığı bərpa etmək üçün uşaqlıq mahnılarından istifadə etdilər.

Tədqiqatçılar oxşar metodları insult keçirmiş insanların nitqini bərpa etmələrinə kömək etmək üçün tətbiq ediblər, çünki mahnı oxumaq, adətən kəskin insult zamanı zərər görən iki beyin yarımkürəsi arasında yeni əlaqələrin yaranması üçün lazım olan uzunmüddətli təkrarı təmin edir.

Mahnı oxumağın həmçinin beynin nevroplastikliyini artırdığı düşünülür.

Bu isə beynin özünü yenidən qurmasına və yeni neyron şəbəkələri yaratmasına imkan verir.

Mahnı oxumağın daimi diqqət tələb etməsi, söz tapma və şifahi yaddaşı stimullaşdırması kimi beynə yüksək tələblər qoyduğu üçün, idrak geriləməsi yaşayan insanlara da kömək edə biləcəyinə dair nəzəriyyələr mövcuddur.

Helsinki universitetində neyropsixologiya professoru olan Teppo Särkämö deyir:

"Yaşı irəli olan yetkinlərdə mahnı oxumağın idrak faydalarına dair sübutlar getdikcə artır".

O bildirir ki: "Mahnı oxumağın idrak geriləməsini həqiqətən yavaşlatma və ya qarşısını alma potensialı barədə hələ çox az şey bilirik, çünki bunu müəyyən etmək üçün illərlə davam edən genişmiqyaslı tədqiqatlar lazımdır".

Aleks Strit-ə görə, istər sosial, istərsə də neyrokimyəvi səviyyədə olsun, mahnı oxumağın güclü təsirlərini göstərən bütün araşdırmalar, mahnı oxumağın insan həyatının universal bir hissəsi olduğunu vurğulayır.

Bununla belə, insanların mahnı oxumaq kimi fəaliyyətlər vasitəsilə bir-birləri ilə deyil, texnologiya ilə daha çox vaxt keçirməsi onu narahat edir.

O deyir: "Xüsusilə beyin zədəsi reabilitasiyasında çox şey kəşf etmişik."

Mahnı oxumağın, hətta ağır zədə almış insanlar üçün belə bu cür təsirlərə malik ola biləcəyini göstərən araşdırmalar yeni-yeni ortaya çıxmağa başlayır.

Mahnı oxumağın icmaları birləşdirməkdə həmişə böyük rol oynamasını nəzərə alsaq, bu qədər fayda görməyimiz tamamilə məntiqlidir.