Rusiyanın iqtisadi problemləri Putin üçün təhlükəlidirmi?

Putin

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Putin rusiyalılara iqtisadi çətinliklərə hazırlaşmağı məsləhət görüb.
    • Müəllif, Sergey Quriyev
    • Vəzifə, İqtisadiyyat professoru, Paris
  • Çap edildi

Bəzi şeylər heç vaxt dəyişmir: Rusiyada bu, ən ağır problemlər haqqında belə zarafat etmək bacarığıdır.

Prezident Vladimir Putinin son çıxışı onun bu çətinliklərin fərqində olduğunu göstərir.

Rusiyada indi zarafatların əsas mövzusu maliyyə problemləridir.

Cənab Putin, rubl və neft - hamısı 63 rəqəminə yaxınlaşmaqdadır. Gələn il Putinin 63 yaşı tamam olur, neftin 1 barelinin qiyməti artıq 63 dollara yaxınlaşır, indi 53 dollara bərabər olan rubl isə çox güman ki, gələn il 63 dollara çatacaq.

Rubl bu il artıq 40 faiz dəyərdən düşüb, inflyasiya 9%-ə çatıb, aksiyaların indeksi 2009-cü il səviyyəsinə enib, kapital axınının ÜDM-ə nisbəti rekord 6 faizə çata bilər.

Bu çətinliklərdən əlavə hökumət göründüyü kimi ciddi büdcə kəsiri şəraitində hərəkət etməli olacaq, 2015-ci ildə iqtisadiyyatın tənəzzülü başlayacaq.

Qərbin sanksiyaları Rusiyanı xarici maliyyə bazarlarından təcrid edib. Lakin bu, faciə deyil – hər halda, hələlik.

Rusiyanın dövlət investisiya fondları var, Mərkəzi bank kifayət qədər böyük maliyyə ehtiyatlarına malikdir.

Əsl problem 2015-ci i il yox, onun ardınca gələn ildə nələrin baş verəcəyidir.

2016-2017 illərdə dövlət investisiya fondları tükənəcək, hökümət isə ya xərcləri azaltmaq, ya vergiləri qaldırmaq seçimi qarşısında qalacaq.

Putin

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Rusiya iqtisadiyyatını 2015-ci ildə tənəzzül gözləyir.

Bütün bu tədbirlər əlbəttə ki, gözlənilməz siyasi nəticələrlə bərabər, hökumətə ölkə daxilində dəstəyi risk altına alacaq.

Təsəllivericidir ki, Putin bütün bu problemləri dərk edir.

Onun, neftin qiyməti bir barel üçün 100 dollar, iqtisadiyyatda isə 1,2 faiz artımı nəzərdə tutan 3 illik büdcəyə atdığı imzasının, necə deyərlər, mürrəkkəbi hələ qurumayıb.

Amma ümumi rəy belədir ki, 1-2 faiz artım əvəzinə, azalmanı proqnozlaşdırmaq daha düzgün olardı.

Öz çıxışında Putin bu sənədə ciddi dəyişiklər etmək təklifini irəli sürüb:

  • vergi güzəştləri və hətta müvəqqəti olaraq şirkətlərin vergidən azad edilməsi
  • xaricdən Rusiyaya qaytarılan kapitalın amnistiyası
  • yol tikintisinin 2 dəfə artırılması
  • hökümət xərclərinin 5 faiz azaldılması

Bu şərtlər yerinə yetirilsə, Rusiya iqtisadiyyatı 2016-17 illərdəki çətinlikləri həqiqətən də dəf edə bilər.

Kapital axını öz hərəkətini əks istiqamətə dəyişsə, investisiyalar artacaq, rubl möhkəmlənəcək.

Sahibkarlar Putinə inansa, şəxsi bizneslərini inkişaf etdirəcəklər, nəticədə gəlirlər artacaq, bu isə ÜDM-in artmasına gətirəcək.

Lakin problem onadadır kı, birjalar ona inanmır. Putinin çıxışı zamanı rublun məzənnəsi və səhmlərin indeksi artmaq əvəzinə endi. Bunun səbəbini anlamaq çətin deyil.

Son illər ərzində buna bənzər çıxışlar və kampaniyalar çox olub. Lakin Rusiya höküməti verdiyi söz və vədlərin əksinə iş görüb.

Korrupsiya indeksi cədvəlində Rusiyanın göstəriciləri pisləşib.

"Başneft" özəl neft şirkətinin dövlət tərəfindən müsadirə edilməsi isə kapitallarını Rusiyaya qaytarmaq barədə düşünənlər üçün xəbərdarlıq olub.

Bəlkə də bu dəfə hər şey fərqli olacaq. Putinin verdiyi sözlərə əməl edəcəyi istisna deyil. Lakin Rusiya bazarı qərar verməyə tələsmir.