Peterburq forumu: "Türk axını" və Çin pulu

Şəklin mənbəyi, Reuters

Sankt-Peterburqda təşkilatçılar tərəfindən "Rusiya Davosu" kimi görülən illik iqtisadi forum işinə başlayır.

Bu il forumda, o cümlədən, Yunanıstan Baş naziri Aleksis Tsipras, Qırğızıstan prezidenti Almazbek Atambayevin və Çin Dövlət Şurası sədrinin birinci müavini Zhang Gaoli-nin iştirak edəcəyi gölənilir.

Sankt-Peterburq forumunda eləcə də, Səudiyyə Ərəbistanının Müdafiə naziri və vəliəhd müavini Məhəmməd ibn Salmanın işitirak edəcəyi təsdiqlənib.

Onun Vladimir Putinlə görüşü cümə axşamı gününə təyin olunub.

Bu ilki forumda ümumilikdə 7500 nəfərin iştirak edəcəyi gözlənilir.

İştirakçılar arasında rus və xarici korporasiyaların 900-ə yaxın rəhbəri, 24 ölkəni təmsil edən ən böyük şirkətlərinin birinci şəxsləri, ö cümlədən, BP, Pirelli, Caterpillar kimi iri şirkətlərin başçıları təmsil olunub.

Tədbirin ikinci günü forumda Rusiya prezidenti Vladimir Putinin çıxış edəcəyi gözlənilir.

Forumun gedişində irimiqyaslı müqavilə və sövdələşmələrin bağlanacağı gözlənilir.

Çin Dövlət şurası sədrinin birinci müavini Wen Zhang Gaoli yüksək sürətli Kazan-Moskva dəmir yolunun tikintisi barədə saziş imzalamaq üçün Rusiyaya gəlib.

Layihənin dəyəri 20 milyard dollara yaxındır.

Bu dəmir yolu istifadəyə verildikdən sonra, Moskvadan Kazan şəhərinə dəmiryol səyahəti 3,5 saata çəkəcək.

Yunanıstanın baş naziri Aleksis Tsiprasın Peterburqa səfəri "Türk axını" qaz kəmərinin bu ölkə ərazisindən çəkilməsinə dair Moskva və Afina arasında niyyət sənədinin imzalanmasına təsadüf edəcək.

Avropanın qaz balansının üçdə biri Rusiya qazından asılı olduğundan Qərb, sanksiyalarını bu sahəyə tətbiq etməyib.

Maraqlıdır kı, Moskva və Afina "Türk axının" davam etdirilməsini müzakirə etdikləri zaman, Kreml və Ankara arasında qaz kəmərinin tikintisi barədə hüquqi öhdəlikləri nəzərdə tutan razılıq sazişi hələlik mövcud deyil.

2005-ci ildən başlayaraq Peterburq forumlarının əsas hadisəsi adətən tədbirin ikinci günündə Rusiya prezidenti Vladimir Putinin çıxışı ilə bağlı olur.

Vladimir Putinin forumda çıxışı cümə günü saat 14.00-ə təyin olunub.

Özəl mənbələrinə istinad edən Bloomberg agentliyi Rusiya liderinin çıxışının ümumilikdə hər cəhətdən neytral olacağını, ABŞ və Qərblə münasibətləri daha da gərginləşdirməmək məqsədi üzərində qurulacağını öncədən bildirib.

Putinin mətbuat katibi Dmitri Peskov Blomberg-in məlumatının "həqiqətə uyğun olmadını" qeyd edib.