Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov necə xatırlanacaq?

Şəklin mənbəyi, Anadolu Agentliyi
Martın 27-də vəfat etmiş, Sovet Azərbaycanın sonuncu kommunist rəhbəri, müstəqil Azərbaycanın ilk Prezidenti 84 yaşlı Ayaz Mütəllibov bazar ertəsi Birinci Fəxri xiyabanda dəfn olunub.
O, Azərbaycanın müstəqilliyinin ilk illərində - 1991-1992-ci illərdə əvvəlcə parlament tərəfindən, sonra ümumxalq seçkilər vasitəsilə ölkə Prezident seçilmişdi və Xocalı faciəsindən bir neçə gün sonra istefa vermişdi.
Ayaz Mütəllibovla işləmiş və ya onun hakimiyyətdə olduğu dövrü yaxından izləmiş siyasətçilər Mütəllibovun qısa çəkmiş prezidentlik müddətini Azərbaycanın "çətin dövrü" kimi xarakterizə edirlər.
Bəzi şərhçilər Xocalı faciəsinin qarşısını ala bilməməkdə, lazimi addımlar atmamaqda, fəaliyyətsizlikdə ittiham edirlər. Ancaq bəziləri hesab edirlər ki, Ayaz Mütəllibov xalq hərəkatını boğmayıb, əksinə, onu tənqid edənlərlə işləməyə çalışıb, onun vaxtında "müstəqil televiziya yaranıb".
Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, baş nazir Əli Əsədov, parlamentin spikeri Sahibə Qafarova və başqaları Ayaz Mütəllibovla bağlı nekroloq imzalayıb.
"Dedim, səsimi batırmaq istəyirsinizsə..."
Ayaz Mütəllibovun rəhbərliyi dövründə Ali Sovetin (o vaxtkı dövrdə parlament əvəz edən qurum) deputatı olmuş Sabir Rüstəmxanlı hesab edir ki, Ayaz Mütəllibov və onunla birgə hakimiyyəti bölüşmüş rəhbərlər çox ağır sınaqlardan keçiblər.
"Bir tərəfdə güclənən xalq hərəkatı, bir tərəfdən SSRİ-nin dağılma ərəfəsi və Ermənistanın təcavüzü. Belə halda xalq hərakatının üzvlərinin bir hissəsi nə edəcəklərini bilməyib daha səbrlə hərəkət edən adamları ittiham edirdilər. Ayaz Mütəllibovun hakimiyyətə gəlməsi belə vaxta təsadüf etmişdi," - Sabir Rüstəmxanlı deyib.
Cənab Rüstəmxanlıya görə, Ayaz Mütəllibov prezident olduğu vaxtda ona müxalif olan xalq hərəkatı ilə əlaqələr qurmaq istəyib.
Ayaz Mütəllibov o vaxt tənqidi yazılar dərc edən "Azərbaycan" qəzetinə baş redaktorluq edən, xalq hərəkatının üzvü Sabir Rüstəmxanlını Mətbuat Komitəsinin sədri təyin edib.
"Mənə təklif gələndə dedim ki, "Azərbaycan" qəzetində səsimi batırmaq istəyirsinizsə, buna nail olmayacaqsız. Onda Mütəllibov dedi ki, yox, mən istəyirəm xalq hərəkatı və onun liderlərinə, ziyalılarının bir neçəsinə hakimiyyətdə vəzifə verək, münasibətləri yaxşılaşdıraq, əsas işimiz Qarabağdır," - Sabir Rüstəmxanlı BBC News Azərbaycancaya deyib.
O xatırlayır ki, Ayaz Mütəllibovun rəhbərliyi dövründə müstəqil media qurumları qeydiyyatdan keçib, ilk müstəqil ANS televiziyası yaradılıb.
Bundan başqa, cənab Rüstəmxanlı hesab edir ki, Ayaz Mütəllibovun istəyi ilə xalq hərəkatından təxminən 25 nəfərin deputat seçilməsinə maneə yaradılmadı ki, bu da Azərbaycanın sonrakı taleyində mühüm rol oynadı.
Sabir Rüstəmxanlıya görə, Ayaz Mütəllibov Moskvada idarəetmədən kənarlaşdırılan Heydər Əliyevə dəstək verməliydi. Onun fikrincə, o vaxt Mütəllibov Heydər Əliyevə dəstək olub onunla birgə ölkənin idarəsini təşkil etsəydi, vəziyyət başqa ola bilərdi.
"Vaxt itirildi..."
O vaxt xalq hərəkatının liderlərindən biri olmuş, sabiq millət vəkili Arif Hacılı Mütəllibovu "asılı" rəhbər kimi qiymətləndirib.
"Ayaz Mütəllibov Azərbaycanı daha çox Moskvanın verdiyi tapşırıqlar əsasında idarə edirdi. Həmin dövrdə Qarabağda separatçılıq baş qaldırdı və ermənilər silahlanmağa başladılar. Ayaz Mütəllibov da bu problemin Moskva tərəfindən çözüləcəyinə inanırdı və onun ən böyük səhvi bu idi. Ermənilər silahlanırdı, Azərbaycan isə həmin zaman vacib vaxtı itirərək Moskvanın bu problemi həll edəcəyini gözlədi və vaxt itirdi," - Arif Hacılı deyib.
Müxalif Müsavat Partiyasının başqanı Arif Hacılıya görə, bununla bahəm, Mütəllibovun etiraza qalxmış xalqa qarşı silahlı qüvvələrdən istifadə etməməsini də unutmamaq lazımdır: "Ayaz Mütəllibovun rəhbərliyi dövründə Azərbaycan Qarabağda mərhum daxili işlər naziri Məhəmməd Əsədovun başçılığı ilə uğurlu Çaykənd əməliyyatı keçirib və separatçıları geri çəkilməyə məcbur edib".
Onun fikrincə, Mütəllibov dövründə Xocalı və Şuşanın müdafiəsinin təşkil edilməməsi, ordu quruculuğunun ən azı altı aylıq gecikməsi Azərbaycanın və Mütəllibovun özünün də taleyində ağır nəticələrə gətirib çıxardı.
"Dedim ki, qanuni prezident kimi güc işlədə bilərsiniz"
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə hesab edir ki, Ayaz Mütəllibov Azərbaycan tarixində demokratik ruhlu, savadlı bir siyasətçi kimi qalacaq.
Amma Araz Əlizadə Ayaz Mütəllibovu "rəhbər kimi qətiyyətsiz" sayır.
1990-cı illərin əvvəllərində Ali Sovetin deputatı və Respublika Müdafiə Şurasının üzvü olmuş Araz Əlizadə bildirib ki, həmin vaxt o, Mütəllibova qanuni yollarla öz hakimiyyətini qoruyub güc işlətməli olduğunu desə də, "keçmiş Prezident onun sözlərinə məhəl qoymayıb".
Araz Əlizadənin sözlərinə görə, Mütəllibovun tam imkanı vardı ki, güc yoluyla onun istefasını istəyənləri ram eləsin, amma bunu eləmədi: "O dedi ki, mən hakimiyyətə görə bir nəfərin də burnunun qanamasını istəmirəm".
Cənab Əlizadəyə görə, zaman Mütəllibova öz qiymətini verib və onun "humanist insan olmasını" göstərib.
"Böyük texnik"dən prezidentliyə qədər uzanan yol
Ayaz Mütəllibov 1938-ci ildə Bakıda anadan olub.
Orta məktəbi bitirdikdən sonra o, 1956-1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil alıb.
Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun konstruktor bürosunda böyük texnik kimi başlayan Ayaz Mütəllibov 1959-cu ildən etibarən Bakı məişət elektrik cihazları zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor və baş mühəndis vəzifələrində çalışıb.
O, iş karyerasında sovet dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) birinci katibi vəzifəsinə qədər irəliləyib.
Ayaz Mütəllibov 1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sovet İttifaqı Kommunist Partiyası MK-nin Siyasi Bürosunun üzvü olub.
1991-ci il sentyabrın 8-də keçirilən seçkilərdə Azərbaycanın ilk Prezidenti seçilib. 1992-cı il martın 6-da istefa verib.





























