Türkiyədə məktəbə silahlı hücum: ölən və yaralılar var

15 aprel - Hücumdan sonra valideynlər məktəbə gəliblər

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, 15 aprel - Hücumdan sonra valideynlər məktəbə gəliblər
Oxuma vaxtı: 1 dəq

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Ayser Çalık orta məktəbinə edilən silahlı hücumda ölənlərin sayı 9-a qalxıb, daxili işlər naziri Mustafa Çiftçi bildirib.

O, həmçinin silahlı hücumda 13 nəfərin yaralandığını, onlardan altısının ağır vəziyyətdə olduğunu söyləyib.

Çiftçi ölənlərdən səkkizinin şagird, birinin müəllim olduğunu və reanimasiyada olan altı yaralıdan üçünün vəziyyətinin ağır olduğunu deyib.

O əlavə edib ki, hücum edən şəxs 8-ci sinif şagirdi və 14 yaşındadır.

Kahramanmaraşda dərslər iki günlük dayandırılıb.

Hadisədən sonra verilən ilkin açıqlamada silahlı şəxsin iki sinif otağına girdiyi və yanında beş silah və yeddi silah darağı olduğu bildirilib.

Ədliyyə naziri Akın Gürlek işi araşdırmaq üçün üç baş prokuror müavini və dörd dövlət prokurorunun təyin edildiyini açıqlayıb.

Gürlek həmçinin hadisə ilə bağlı yayım qadağası qoyulduğunu açıqlayıb.

Hücum haqqında nə məlumdur?

15 aprel - Hücumdan sonra valideynlər məktəbə gəliblər

Şəklin mənbəyi, Reuters

Hücumu həyata keçirən şagird haqqında ilk məlumatı Kahramanmaraş valisi Mükerrem Ünlüer verib.

Məlumata görə, hücum edən şəxs məktəbin 8-ci sinif şagirdi olub.

Onun atasının təqaüdçü polis məmuru olduğu da açıqlanıb.

Şagirdin adı açıqlanmır və ehtimal edilir ki, şagirdin atasının silahlarından istifadə edib.

14 apreldə Şanlıurfada da bir liseydə oxşar silahlı hücum baş verib.

Məktəbin keçmiş şagirdi tərəfindən törədilən hücumda 16 nəfər yaralanıb.