Paşinyan: “Azərbaycanlı əsgər müəyyən müddət Ermənistanda qalacaq”

Videonun alt yazısı, Paşinyan: “Azərbaycanlı əsgər müəyyən müddət Ermənistanda qalacaq”
Paşinyan: “Azərbaycanlı əsgər müəyyən müddət Ermənistanda qalacaq”
Çap edildi

Ermənistan sərhədini keçən Azərbaycan əsgəri Nəsimi Musayev bir müddət Ermənistanda qalacaq. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "İnfocom" Youtube kanalına bildirib.

Paşinyan: "Cinayət işi üzrə prosedurlar Ermənistanda aparılacaq və o, ən azından bir müddət Ermənistanda qalacaq. İstintaq gedir, hazırda o, həbsdədir."

Azərbaycan əsgərinin mümkün dəyişdirilməsi ilə bağlı suala cavab olaraq Paşinyan bunun, çox güman ki, baş verməyəcəyinə işarə edib.

Paşinyan: "Bunlar fərqli mövzulardır. Hərbçilərin bu və ya o tərəfə keçməsi hallar əvvəllər də olub. Belə halların ayrıca baxılacağı barədə razılığımız var. Azıb təsadüfən də başqasının ərazisinə düşə bilərlər. Biz onları, heç bir cinayət törətməyiblərsə, geri qaytarmağa razılaşmışıq. Təsəvvür edin ki, biz onlara bu əsgərin müqabilində bizə əsir qaytarmağı təklif edirik. Sabah, üzdən iraq, öz əsgərimiz o tərəfə keçsə, onda kimi verəcəyik?".

Paşinyan əsgərə qarşı Azərbaycanda fərarilik maddəsi üzrə cinayət işi başlandığını deyib. Paşinyan deyib ki, Ermənistanda insana zərər vurmuş əsgər mühakimə olunacaq, çünki bu, hüquqi məsələdir.

Eyni zamanda Paşinyan azərbaycanlı hərbçinin əlində avtomat silah olduğuna baxmayaraq, saxlanılarkən müqavimət göstərmədiyini bildirib.

"İlkin məlumatlara görə, o, bir evdə yatıbmış. Sonra ev sahibləri geri qayıdıblar və hər şey qəflətən və çaşqınlıq şəraitində baş verib", - Paşinyan deyib.

Paşinyan bunun diversiya ola biləcəyi və ya bir neçə azərbaycanlının sərhədi keçdiyi barədə məlumatları cəfəngiyyət adlandırıb.

Azərbaycanlı hərbçi Nəsimi Musayev oktyabrın 1-də Sünik bölgəsinin Şaki kəndində Ermənistan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.