"Dövlət əleyhinə" çağırışlara görə Rusiya vətəndaşı azərbaycanlı həbs edilib

Şəklin mənbəyi, Jahid Kamal
Bakı Ağır Cinayətlər Məhkəməsi Rusiya vətəndaşı Cahid Kamal İsayevi "dövlət əleyhinə açıq çağırışlar etmək" ittihamı ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
İsayev 2025-ci ilin noyabrında Türkiyəyə səfəri zamanı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və daha sonra Azərbaycana ekstradisiya olunub.
Ona qarşı "dövlət əleyhinə yönələn açıq çağırışların bir qrup şəxs tərəfindən törədilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların bir qrup şəxs tərəfindən yayılması, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiqi və ya zor hədəsi ilə salınması" ittihamları irəli sürülüb.
Onun məhkəməsində iştirak etmiş şəxslərdən biri BBC-yə deyib ki, İsayevin özünü bu ittihamlar üzrə təqsirli bilmir və siyasi fəaliyyəti olmadığını deyir.
Meydan TV 2025-ci ilin noyabrında yazıb ki, İsayev talış dilinin təbliği ilə məşğul olan ictimai fəaldır və Azərbaycanda etnik talışların, eləcə də "siyasi məhbuslar"ın hüquqlarının müdafiəsi istiqamətində kampaniyalar aparır.
Azərbaycanda separatçılıq və azlıqlar mövzusu hələ 1990-cı illərdən bəri ağrılı mövzudur.
Birinci Qarabağ müharibəsinin sonlarında – 1993-cü ildə ölkənin cənubunda elan edilmiş Talış-Muğan Muxtariyyəti böyük siyasi böhranın bir hissəsi idi. Bu qurum cəmi iki ay kağız üzərində mövcud olsa da, onun meydana çıxması, həmçinin Qarabağ separatçı hərəkatı ilə paralel baş verməsi dövlətin və cəmiyyətin etnik və regional məsələlərə qarşı həssaslığını uzunmüddətli şəkildə artırıb.





















